Əfqanıstan hökuməti ABŞ-də yaşayış icazəsi olmayan bəzi əfqan miqrantların Pakistana göndərilməsi planı ilə bağlı məlumatlardan ciddi narahatlığını ifadə edib.
"Tolo News"un məlumatına görə, Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında harada olmasından asılı olmayaraq, ölkə vətəndaşlarının hüquqlarının qorunmasının hökumətin birbaşa öhdəliyi olduğu bildirilib. XİN dünyada əfqanlara beynəlxalq hüquq normalarına uyğun davranılmasının vacibliyini vurğulayıb və üçüncü ölkələri qısamüddətli maraqlar naminə xarici vətəndaşların taleyi üzərində sövdələşmə aparmamağa çağırıb.
Məlumata görə, Vaşinqton administrasiyası ilk mərhələdə Luiziana ştatında saxlanılan 150-dən çox əfqanıstanlını Pakistana deportasiya etməyi, prosesə isə Əfqanıstan sərhədinə qədər Pakistan tərəfinin nəzarət etməsini planlaşdırır.





















