TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə əlaqələrin bütün sahələrdə dərinləşdiyini bildirib
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə əlaqələrin bütün sahələrdə dərinləşdiyini bildirib. ‘‘Türk Evi’’də keçirilən Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edən dövlət başçısı tədbirin təşkilində əməyi olan Amerika Ticarət Palatasına, biznes şuralarına və Xarici İqtisadi Əlaqələr Şurasına təşəkkür edib.

Siyasi sahədə əldə edilən harmoniyanı iqtisadi və ticarət əlaqələrində də görmək istədiklərini qeyd edən R.T. Ərdoğan Amerikanın hazırda Türkiyənin bir nömrəli mayeləşdirilmiş təbii qaz təchizatçısı olduğunu bildirib. O, qlobal iqtisadi nizamın yenidən qurulduğu bu dövrdə Türkiyə ilə ABŞ arasında strateji iqtisadi əməkdaşlıq modelinə böyük ehtiyac olduğunu qeyd edib.

Bölgədəki münaqişələrin sona çatması ilə beş əsas dəyişiklik prosesinin sürətlənəcəyinə diqqət çəkən R.T. Ərdoğan təchizat zəncirlərinin yenidən qurulduğunu bildirib. O qeyd edib ki, şirkətlər artıq təkcə ən ucuz deyil, həm də ən etibarlı məkanı seçməyə üstünlük verirlər. Gömrük İttifaqı və geniş sərbəst ticarət şəbəkəsinə malik olan Türkiyə isə bu tələbatlar üçün ən təbii ünvandır.

Dövlət başçısı enerji marşrutlarının dəyişdiyini qeyd edərək, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən TANAP-a qədər uzanan şəbəkə sayəsində Türkiyənin fasiləsiz enerji axınını təmin edən ən etibarlı dəhliz olduğunu bildirib. Yenidənqurma dövrünə də toxunan R.T. Ərdoğan bölgədəki infrastrukturun bərpasında çətin coğrafiyalarda təcrübə qazanmış türk podratçı şirkətlərinin əsas rol oynayacağını bildirib.