İQTİSADİYYAT
2 dəqiqə oxuma
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyənin 2026-cı ilin ilk yeddi ayında Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü / Anadolu Agency

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərlə ticarət həcmi 2026-cı ilin yanvar-iyul aylarında 10,1 milyard dollara yüksəlib.

Nazirliyin avqustun 31-də verdiyi açıqlamada bildirilir ki, Türkiyə ilə TDT ölkələri arasındakı ticarət dövriyyəsi 2002-ci ildən bu yana təxminən 20 dəfə artıb. Belə ki, bu göstərici 2025-ci ilin sonuna olan məlumata əsasən 871 milyon dollardan 16,9 milyard dollara çatıb.

Ötən il Qazaxıstan 7,8 milyard dollarlıq ikitərəfli ticarət həcmi ilə TDT ölkələri arasında Türkiyənin ən böyük ticarət tərəfdaşı olub. Sıralamada Qazaxıstanı 4,3 milyard dollarla Azərbaycan, 3,1 milyard dollarla Özbəkistan və 1,6 milyard dollarla Qırğızıstan izləyib.

 

Müşahidəçi ölkələrlə də ticarət genişlənir

Türkiyənin TDT-də müşahidəçi statusuna malik ölkələrlə (Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti) ticarət dövriyyəsi 2025-ci ildə 6,8 faiz artaraq 10 milyard dollara çatıb.

2026-cı ilin yanvar-iyul ayları dövründə isə müşahidəçi ölkələrlə ticarət həcmi illik müqayisədə 5,1 faiz artaraq 6,1 milyard dollara yüksəlib.

Nazirliyin göstəricilərinə əsasən, TDT üzvləri və müşahidəçi ölkələrlə illik müqayisədə hesablanan ticarət dövriyyəsi iyul ayı etibarilə 27,8 milyard dollara çatıb.

Qeyd edək ki, 2009-cu ildə təsis edilən TDT 2021-ci ildə keçirilən İstanbul Sammitində indiki adını alıb. Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan təşkilatın tamhüquqlu üzvləridir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə qurumda müşahidəçi statusunda təmsil olunur.

 

Qlobal istehsal Şərqə doğru irəliləyir

Nazirlik vurğulayıb ki, son 25 ildə qlobal istehsal və ticarət mərkəzinin Şərqə doğru yer dəyişməsi beynəlxalq ticarət və logistika şəbəkələrində Türk dünyasının strateji əhəmiyyətini artırıb.

Açıqlamada həmçinin qeyd olunub ki, ümumilikdə "Orta Dəhliz" kimi tanınan Trans-Xəzər Şərq-Qərb-Orta Dəhlizinin təqdim etdiyi imkanlar Türk dünyası miqyasında daha dərin iqtisadi inteqrasiya üçün mühüm potensial ehtiva edir.

Türkiyə Ticarət Nazirliyi ölkənin TDT çərçivəsində iqtisadi və ticarət inteqrasiyasını gücləndirmək istiqamətində səylərini davam etdirəcəyini bəyan edib. Eyni zamanda Orta Dəhlizin strateji üstünlüklərindən səmərəli istifadə olunacağı bildirilib.

Atılan bu addımların Türk dünyasının qlobal ticarətdəki mövqeyini daha da möhkəmləndirməyə xidmət edəcəyi vurğulanıb.

MƏNBƏ:TRT