İsrail ordusu 10 gün davam edən mühasirə və hücumlardan sonra işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərindən tamamı ilə çəkilib.
Əl-Xəlil valisi Xalid Dudin deyib: "İsrail işğalçı qüvvələri Əl-Xəlil şəhərindən tamamı ilə çəkilib, Fələstin təhlükəsizlik qüvvələri bölgənin bütövündə nəzarəti təmin etdi".
İsrail ordusunun hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ailələrin geri qayıda biləcəyini bildirən Dudin səlahiyyətli qurumların və təhlükəsizlik qüvvələrinin sahədəki hadisələri izlədiyini və fələstinlilərin təhlükəsiz şəkildə geri qayıtmalarını təmin etmək üçün lazımi işləri həyata keçirdiyini qeyd edib.
İsrail ordusu 23 oktyabrda iki fələstinlinin silahlı hücum təşkil etdiyi bəhanəsi ilə kütləvi cəzalandırma üsuluna əl ataraq bölgəni mühasirəyə almış, Əl-Xəlilin hər tərəfinə basqınlar təşkil etmişdi. Sözügedən hadisədə 2 İsrail əsgəri ölmüş, 3 əsgər yaralanmış, İsrail ordusu isə hücumu törətdiyini iddia etdiyi 2 fələstinlini öldürmüşdü.
Bölgədəki basqınların başlamasından bəri Əl-Xəlil və ətrafındakı kəndlərə blokada tətbiq edən İsrail ordusu Cəldə və Ayn Deyr Baha məhəllələrindəki evləri ələ keçirərək buranı hərbi kazarmalara çevirmişdi. Bu prosesdə minlərlə fələstinli zorla didərgin salınmış, evlər, obyektlər və ticarət müəssisələri dağıdılmış, infrastruktur da məhv edilmişdi.


















