Türkiyə diplomatik mənbələrinin verdiyi məlumata görə, Türkiyə beynəlxalq sularda İsrail qüvvələrinin hücumuna məruz qalan Qlobal Qətiyyət Donanmasındakı vətəndaşlarının vəziyyətini diqqətlə izləyir.
Türkiyənin İsraildəki səfirliyi saxlanılan vətəndaşların konsulluq müdafiəsinin təmin olunması üçün zəruri addımlar atıb. Rəsmi şəxslər vəziyyətlə bağlı gəmidə olanların ailələrinə məlumat verildiyini bildiriblər.
Rəsmi donanma izləyicisinin məlumatına əsasən, İsrail qüvvələri 25-i Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 317 fəalı saxlayıb.
Humanitar yardım və tibbi ləvazimatlarla yüklənmiş donanma avqustun sonunda yola düşüb. Donanmada 45-dən çox ölkədən 532 mülki vətəndaş olub.
Təşkilatçıların sözlərinə görə, İsrail donanması Qəzzaya gedən beynəlxalq yardım donanmasını mühasirəyə alaraq hücum edib və gəminin göyərtəsində olan yüzlərlə fəalı saxlayıb.
Saxlanılan fəallar arasında ispan, italyan, braziliyalı, türk, yunan, amerikalı, alman, isveçli, ingilis, fransız və digər millətlərdən şəxslər var.
İsrail Xarici İşlər Nazirliyinin rəsmi “X” platformasında etdiyi paylaşımda saxlanılan fəalların İsrailin Aşdod limanına aparıldığı və oradan Avropaya deportasiya ediləcəyi bildirilib.
















