Rəsmi “Sinhua” xəbər agentliyinin məlumatına görə, Si Cinpin məktubunda Çinlə Şimali Koreya arasında regional və qlobal sülh, həmçinin inkişaf üçün sıx əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını vurğulayıb. O, Çin ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında dostluğun möhkəmləndirilməsi məqsədilə strateji ünsiyyətin artırılacağını, yaxın təmas və əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Çin dövlət başçısı həmçinin iki ölkənin sosialist idealogiyasına diqqət çəkərək, hər iki tərəfin regional və qlobal sülhə, eləcə də inkişaf prosesinə daha böyük töhfə verməli olduğunu ifadə edib.
Diplomatik münasibətlər
İkinci Dünya müharibəsinin sonunda Koreya yarımadası Yaponya işğalından azad edildikdən sonra şimal bölgəsində kommunist rejimi quruldu. Avqust 1948-ci ildə yeni Ali Xalq Məclisi seçildi, sentyabrın 3-də isə yeni konstitusiya elan olundu.
KXDR rəsmi olaraq 1948-ci il sentyabrın 9-da quruldu və Kim İr Sen ilk Baş nazir kimi vəzifəyə başladı. Bu il Çin və KXDR diplomatik münasibətlərinin 76-cı ildönümünü qeyd edir.
Xatırladaq ki, ötən həftə Kim Çen In xüsusi qatarı ilə Pekinə səfər edərək Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə birlikdə Çində keçirilən böyük hərbi paradda iştirak edib. O, paradın ertəsi günü Si Cinpinlə keçirdiyi zirvə görüşündə Çinlə münasibətlərin davamlı inkişaf etdiriləcəyinə dair vəd verib.