İsrailin “Yedioth Ahronoth” qəzeti ölkənin Baş Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən yazır ki, İsrail ordusu İran və onun regiondakı müttəfiqləri ilə müharibənin ən azı bir ay davam edə biləcəyi ssenarisinə hazırlaşır. Mənbənin sözlərinə görə, münaqişənin genişlənə biləcəyi ehtimalı nəzərə alınaraq orduda müxtəlif döyüş qüvvələrinin hazırlıq səviyyəsi ən yüksək həddə çatdırılıb.
Hazırlıq planına hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, strateji nöqtələrə əlavə qüvvələrin yerləşdirilməsi və münaqişənin yeni cəbhələrə yayılacağı təqdirdə uzunmüddətli hərbi əməliyyatların idarə olunması daxildir.
Bu açıqlamalar bölgədə gərginliyin görünməmiş həddə çatdığı, İsrail və İran arasında qarşılıqlı hücumların intensivləşdiyi bir vaxta təsadüf edir.
Müşahidəçilər vurğulayırlar ki, İsrail ordusunun uzunmüddətli müharibə ehtimalına fokuslanması təhlükəsizlik dairələrində ciddi narahatlıqdan xəbər verir. Bu, mövcud gərginliyin yaxın həftələrdə daha genişmiqyaslı regional münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq kimi qiymətləndirilir.











