Rusiyanın Amur vilayətində inşası davam edən Amur qaz-kimya kompleksinin tikinti sahəsində baş verən yanğın nəticəsində 7 nəfər həyatını itirib, 9 nəfər isə itkin düşüb.
Kompleksin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, axtarış-xilasetmə əməliyyatları zamanı daha 4 Çin vətəndaşının cəsədi tapılıb. Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Podratçı şirkətin əməkdaşı olan daha 9 Çin vətəndaşının taleyi barədə hələ ki məlumat yoxdur, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Hadisədən sonra ümumilikdə 152 nəfərə tibbi yardım göstərilib, müxtəlif dərəcəli xəsarətlər alan 36 nəfər isə xəstəxanaya yerləşdirilib.
Açıqlamada yanğının nəzarətə alındığı, yaxınlıqdakı yaşayış məntəqələrində aparılan hava yoxlamaları zamanı isə hər hansı zərərli maddənin aşkar edilmədiyi bildirilib.
Qeyd edək ki, Rusiyanın "Sibur" və Çinin "Sinopec" şirkətlərinin birgə layihəsi olan Amur qaz-kimya kompleksinin dünyanın ən böyük polimer və qaz-kimya istehsalı müəssisələrindən biri olacağı nəzərdə tutulur.



















