İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, İranda baş verən etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı təxminən 65 nəfərə çatıb. Agentliyin məlumatında bildirilib ki, etirazlar zamanı azı 2 min 311 nəfər saxlanılıb, minlərlə insan isə xəsarət alıb.
ABŞ mərkəzli qurumun rəsmi internet saytında dərc olunan hesabatda qeyd olunub ki, etiraz aksiyaları artıq 13 gündür fasiləsiz davam edir.
Məlumata əsasən, etirazlar ölkənin 31 vilayətində, 180 şəhərdə və 512 ayrı nöqtədə baş verib. Nəticədə 50 etirazçı, 14 hüquq-mühafizə və təhlükəsizlik əməkdaşı, həmçinin bir mülki dövlət qulluqçusu həlak olub.
Aksiyalar zamanı onlarla insan yaralanıb, 2 min 311 nəfər isə saxlanılıb.
Hesabatda xəsarətlərin əsasən plastik mərmilər nəticəsində baş verdiyi vurğulanıb.
Rəsmi qurumlar ölənlər və yaralananlarla bağlı indiyədək hər hansı açıqlama verməyiblər.
“Böyük bəla”
İran dekabr ayının sonlarından etibarən etirazlara səhnə olub. Etirazların əsas səbəbi İran riyalının dəyərinin kəskin şəkildə aşağı düşməsi və pisləşən iqtisadi şərait göstərilir.
Aksiyalar 28 dekabr tarixində Tehranda başlayıb və daha sonra bir neçə şəhərə yayılıb.
ABŞ prezidenti Donald Tramp yanvarın 9-da etirazların genişləndiyi bir vaxtda İranda vəziyyətin “böyük bəlaya” çevrildiyini bildirib. D.Tramp ABŞ-ın prosesləri yaxından izlədiyini qeyd edib və İran hakimiyyətini zorakılıqdan istifadə etməməyə çağırıb.
Qeyd edək ki, İran hakimiyyəti ABŞ və İsraili ölkədəki iğtişaşları qızışdırmaqda ittiham edib. İran dövlət rəsmiləri təhlükəsizlik qüvvələrinin təxribatçılara qarşı heç bir güzəşt göstərməyəcəyini bəyan ediblər.















