Türkiyə, Kəraçidə Pakistanın paramilitar "Rangers" heyətinə yönələn və təhlükəsizlik qüvvələrindən ən az üç nəfərin həyatını itirməsinə, dördünün isə yaralanmasına səbəb olan son terror hücumunu sərt şəkildə qınadı.
İslamabaddakı Türkiyə Səfirliyi verdiyi açıqlamada, həyatını itirənlərin ailələrinin kədərini bölüşdüyünü bildirərək, yaralılara tezliklə sağalmaları üçün xoş arzularını çatdırıb.
Türkiyə, həmçinin terrorla mübarizə səylərində Pakistana verdiyi sarsılmaz dəstəyi bir daha bəyan edib.
Qeyd edək ki, terrorçular 27 iyunda Kəraçinin Gülüstani-Cövhər rayonunda yerləşən Sind əyalətinin hərbi statuslu xüsusi asayiş keşikçilərinin (reyncerlərin) mənzil-qərargahına koordinasiyalı hücum təşkil ediblər. Hücum edənlər partlayıcı ilə yüklənmiş bir avtomobili əsas qapıya çırparaq partlayış törətdikdən sonra, odlu silah və əl qumbaraları ilə təhlükəsizlik xəttini yarmağa çalışıblar.
Xüsusi Təhlükəsizlik Bölməsi və Terrorla Mübarizə Qüvvəsi bölmələrinin dəstəyini götürən asayiş keşikçiləri heyəti hadisəyə dərhal müdaxilə edib. Pakistan ordusundan verilən açıqlamaya görə, təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb. Üç terrorçunu öldürüb və ən azı bir şübhəlini yaralı olaraq ələ keçirib.
Terror təşkilatı Təhrik-i-Taliban Pakistan (TTP) ilə əlaqəli separatçı bir qrup olan Camaat-ül-Əhrar (JuA) hücumun məsuliyyətini öz üzərinə götürüb.
Son illərdə terror hücumlarında artım yaşayan Pakistan qonşu ölkə Əfqanıstanın terror təşkilatlarına sığınacaq təmin etdiyini iddia edir. Kabil isə bu iddianı rədd edir.
Pakistan bu ayın əvvəlində reallaşdırılan hücum da daxil olmaqla, son aylarda Əfqanıstanda çox sayda hava zərbələri endirib.
Qonşu ölkələr arasındakı sərhəd oktyabr ayında zorakılığın alovlanmasından bəri böyük ölçüdə qapalı qalıb. İki ölkə arasındakı ticarət dayanıb.






















