Ukrayna Prezidenti Volodimir Zelenski '‘France 2'‘‘ telekanalına müsahibəsində döyüşlərdə 55 min Ukrayna hərbçisinin həlak olduğunu bildirib.
Fevralın 4-də yayımlanan müsahibədə V.Zelenski deyib: "Ukraynanın döyüş meydanındakı rəsmi itkilərinin sayı 55 min nəfərdir".
Ukrayna lideri, həmçinin çox sayda insanın rəsmi olaraq itkin düşmüş hesab edildiyini vurğulayıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına görə, müharibə nəticəsində təxminən iki milyon hərbçi həlak olub, yaralanıb və ya itkin düşüb. Hesabatda qeyd olunur ki, Rusiyanın başlatdığı müharibə təxminən 1,2 milyon rusun və 500-600 min arası ukraynalının ölümünə səbəb olub. CSIS-in hesablamalarına əsasən, Rusiya hərbi qüvvələri müharibənin başlanğıcından bəri 325 minə qədər canlı qüvvə itirib.
Müharibə mülki əhaliyə də dağıdıcı təsir göstərib. Birləşmiş Millətlər Təşkilatının (BMT) müşahidəçiləri 2025-ci ildə Ukraynada qeydə alınan mülki şəxs ölümlərinin sayının əvvəlki illərlə müqayisədə daha çox olduğunu bildiriblər. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təkcə 2025-ci ildə 2500-dən çox mülki şəxsin öldüyünü, 12 mindən çox insanın isə yaralandığını açıqlayıb.
Çoxsaylı hesabatlarda Ukraynadakı genişmiqyaslı dağıntılar, şəhərlərin xarabalığa çevrilməsi, enerji infrastrukturunun mütəmadi hədəf alınması və milyonlarla insanın didərgin düşməsi sənədləşdirilib. Yaşayış binalarının, nəqliyyat şəbəkələrinin və sənaye obyektlərinin böyük bir hissəsinin sıradan çıxması Ukrayna iqtisadiyyatına və yenidənqurma prosesinə ağır zərbə vurub.








