Fələstin Səhiyyə Nazirliyinin sentyabrın 14-də yaydığı hesabatda son 24 saat ərzində daha 2 fələstinlinin həyatını itirdiyi, 25 nəfərin isə yaralandığı bildirilib.
Bununla da İsrailin 2023-cü il oktyabrın 8-dən bəri davam edən hücumlarında həlak olanların sayı 73 786 nəfərə, yaralıların sayı isə 174 771-ə çatıb. .
İsrail ordusunun sentyabrın 13-də Qəzza şəhərinin cənubunda mülki avtomobili hədəf alması nəticəsində daha 2 fələstinli ölüb, 13 nəfər yaralanıb.
Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə 2025-ci il oktyabrın 10-da əldə edilən atəşkəs sazişinə baxmayaraq hücumlar davam edir. Razılaşmanın pozulması nəticəsində 2025-ci il oktyabrın 11-dən bu yana ölənlərin sayı 1372 nəfərə, yaralıların sayı isə 4659-a yüksəlib.
Əksəriyyəti qadın və uşaqlardan ibarət mülki əhalinin ölümünə səbəb olan hücumlar Qəzzadakı infrastrukturun təxminən 90 faizini məhv edib. BMT-nin hesablamalarına görə, bölgədə yenidənqurma işlərinin aparılması təxminən 70 milyard dollara başa gələcək.














