İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu bəyan edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yazılı bəyanatında uzaq mənzilli ABŞ "MQ-9" PUA-sının Hörmüz boğazı üzərində SEPAH-ın müasir hava hücumundan müdafiə sistemlərinin raketləri ilə vurulduğu bildirilib.
ABŞ ordusuna məxsus PUA-nın vurulduqdan sonra İran körfəzinə düşdüyü açıqlanıb.
ABŞ avqustun 30-da gecə radələrində Hörmüz boğazı yaxınlığındakı Larak adasına iki zərbə endirmişdi.
İslam İnqilabı Keşikçiləri Korpusu bu hücuma cavab olaraq İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi "Müvəffəq Salti" və "Kral Hüseyn" aviabazalarını ballistik raketlərlə vurduğunu elan etmişdi.
Ordu daha sonra yaydığı bəyanatda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əl-Minhad" aviabazasında yerləşən ABŞ hərbçilərini və helikopterlərini onlarla pilotsuz uçuş aparatı ilə hədəf aldığını bildirmişdi.
İran ordusunun yazılı bəyanatında bu hücumların "ABŞ-nin Larak adasına zərbələri nəticəsində həyatını itirən mülki şəxslərin və hərbçilərin qisasını almaq üçün" həyata keçirildiyi qeyd olunmuşdu.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müharibə tərəfdarı olmadığını, lakin təcavüzkarlara qətiyyətli cavab verəcəklərini bəyan edib.
İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Prezident Pezeşkian Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Liderlər Sammitində iştirak etmək üçün Bişkekə yola düşməzdən əvvəl paytaxt Tehranın hava limanında mətbuata bəyanat verib.
ABŞ-nin Larak adasına zərbələrinə və İranın cavab tədbirlərinə toxunan Pezeşkian: "Biz müharibə tərəfdarı deyilik və bu, bütün dünyaya açıq şəkildə çatdırdığımız aydın mesajdır. Bununla belə, heç bir təcavüz qarşısında susmayacağıq və təcavüzkarlara qətiyyətli cavab verəcəyik", -deyə vurğulayıb.




















