SİYASƏT
2 dəqiqə oxuma
ABŞ senatorları Trampın Qrenlandiya planına sərt reaksiya göstəriblər
ABŞ-ın NATO müttəfiqlərinin ərazilərini ələ keçirməsinin qarşısını almaq məqsədilə Demokrat və Respublikaçı senatorlar yeni qanun layihəsi təqdim ediblər
ABŞ senatorları Trampın Qrenlandiya planına sərt reaksiya göstəriblər
ABŞ senatorları Trampın Qrenlandiya planına sərt reaksiya göstəriblər / AP
14 yanvar 2026

ABŞ-ın NATO müttəfiqlərinin ərazilərini ələ keçirməsinin qarşısını almaq məqsədilə Demokrat və Respublikaçı senatorlar yeni qanun layihəsi təqdim ediblər. Bu təşəbbüs Prezident Donald Trampın milli təhlükəsizlik arqumenti ilə Qrenlandiyanı almaq istədiyini açıqlamasına cavab olaraq irəli sürülüb.

Demokrat senator Cin Şahen və Respublikaçı senator Liza Murkovski tərəfindən təqdim edilən “NATO Alyansının Müdafiəsi Qanunu” ABŞ üçün mühüm məhdudiyyətlər nəzərdə tutur. Qanun layihəsinə əsasən, Pentaqonun və ya Dövlət Departamentinin büdcə vəsaitləri NATO müttəfiqlərinin razılığı olmadan onların suveren ərazilərində blokada tətbiq etmək, hərbi əməliyyat aparmaq, işğal, ilhaq və ya hər hansı formada nəzarəti ələ keçirmək məqsədilə istifadə oluna bilməz.

Senator Şahen mətbuat konfransında bildirib ki, ABŞ-ın öz səlahiyyətlərindən istifadə edərək NATO müttəfiqinin ərazisini ələ keçirməsi ilə bağlı istənilən təklif Alyansın əsaslarını sarsıdır və düşmən qüvvələrin maraqlarına xidmət edir. Onun sözlərinə görə, bu qanun layihəsi Qrenlandiya ilə bağlı son ritorikanın ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi zərər vurduğunu və Konqresdə hər iki partiya tərəfindən qəti etirazla qarşılandığını açıq şəkildə göstərir.

Senator Murkovski isə qeyd edib ki, Amerikanın geniş resurslarının müttəfiqlərə qarşı istifadə edilməsi ideyası son dərəcə narahatedicidir və Konqres bu cür yanaşmanı qanunvericilik səviyyəsində qəti şəkildə rədd etməlidir.

Xatırladaq ki, yanvarın 11-də Donald Tramp Rusiyanın və ya Çinin bölgədə təsir imkanlarını artırmasının qarşısını almaq üçün ABŞ-ın Qrenlandiyanı “əldə etməli” olduğunu demişdi. O, daha əvvəl də Qrenlandiyaya sahib olmağı ABŞ-ın iqtisadi təhlükəsizliyi üçün “mütləq zərurət” adlandırmış və bu məsələni “böyük bir daşınmaz əmlak sövdələşməsi” ilə müqayisə etmişdi.

Danimarka Krallığının tərkibində muxtar ərazi olan Qrenlandiya strateji mövqeyi və zəngin mineral ehtiyatları səbəbindən ABŞ üçün böyük əhəmiyyət daşıyır. Lakin həm Danimarka, həm də Qrenlandiya hökumətləri adanın satılması ilə bağlı bütün təklifləri qətiyyətlə rədd edərək, Qrenlandiyanın Danimarkaya məxsus suveren ərazi olduğunu bir daha bəyan ediblər.