Ərəb Koalisiyasının sözçüsü Türki əl-Maliki rəsmi "X" səhifəsində etdiyi paylaşımda husilərin Səudiyyə Ərəbistanını, mülki əhalini və infrastruktur obyektlərini hədəf almasını təcavüzkar addım adlandırıb.
General Türki əl-Maliki husilərin son vaxtlar Əbha, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərindəki mülki və kommersiya obyektlərinə təşkil etdiyi hücumların Səudiyyə Ərəbistanının suverenliyini açıq şəkildə pozduğunu və təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.
O, husilər tərəfindən heç bir əsas olmadan həyata keçirilən bu hücumların krallığın iqtisadi potensialına zərər vurmaq məqsədi daşıdığını bildirib. Türki əl-Maliki qeyd edib ki, Ərəb Koalisiyası hücumların qarşısını almaq və bu təcavüzkar davranışlara cavab vermək üçün bütün zəruri hərbi əməliyyat tədbirlərini görəcək.
Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından bəri paytaxt Səna da daxil olmaqla Yəmənin bir hissəsinə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından Yəmən hökumətinə hərbi dəstək verir.


















