SİYASƏT
2 dəqiqə oxuma
V.Zelenski: "Ukraynaya təhlükəsizlik təminatları ancaq Donbasdan çəkiləcəyimiz təqdirdə veriləcək"
Kiyev rəhbərliyi təhlükəsizlik təminatları qarşılığında ölkənin şərqindəki əraziləri təhvil verməsi ilə bağlı rəsmi Vaşinqton tərəfindən təzyiq altındadır
V.Zelenski: "Ukraynaya təhlükəsizlik təminatları ancaq Donbasdan çəkiləcəyimiz təqdirdə veriləcək"
V.Zelenski: "Ukraynaya təhlükəsizlik təminatları ancaq Donbasdan çəkiləcəyimiz təqdirdə veriləcək" / Reuters
13 saat əvvəl

Ukrayna prezidenti Volodimir Zelenski “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün təklif etdiyi təhlükəsizlik təminatları Ukraynanın Donbasın şərq hissəsini tam şəkildə Rusiyaya verməsi ilə şərtləndirilir.

V.Zelenski qeyd edib ki, rəsmi Vaşinqton 2022-ci ildə başlayan müharibənin tez bir zamanda başa çatmasını istədiyi üçün Ukraynaya təzyiq göstərir və Yaxın Şərqdəki müharibə ABŞ-nin prioritetlərinə təsir edir. O bildirib: “Yaxın Şərq, şübhəsiz ki, D.Trampa təsir edir. Buna baxmayaraq o, Ukraynaya daha çox təzyiq göstərmək strategiyasını seçir.”

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna bu il Əbu-Dabi və Cenevrədə üç dəfə üçtərəfli görüşlər keçiriblər.

V.Zelenski vurğulayıb ki, Ukraynanın hərbi ehtiyaclarının kim tərəfindən maliyyələşdiriləcəyi və müttəfiqlərin gələcəkdə Rusiyanın mümkün təcavüzünə necə cavab verəcəyi kimi iki əsas məsələ hələ də həllini tapmayıb. O, deyib: “Amerikalı həmkarlarımız Ukraynanın Donbasdan çəkilməyə hazır olduğu halda bu təminatları yüksək səviyyədə yekunlaşdırmağa hazır olduqlarını bildiriblər.”

Lakin Rusiya tərəfi Donbas üzərində tam nəzarətin müharibə məqsədlərinin mərkəzində olduğunu israrla bildirir. Buna baxmayaraq analitiklər Rusiyanın bu istiqamətdə irəliləyişinin yavaş olduğunu qeyd edirlər.

Ukrayna dövlət rəhbəri V.Zelenski belə bir geri çəkilmənin Ukraynanı və Avropanı zəiflədəcəyi barədə xəbərdarlıq edərək deyib: “ABŞ tərəfinin ölkəmizin şərq hissəsinin təhlükəsizlik təminatlarımızın ayrılmaz hissəsi olduğunu anlamasını çox istərdim.”

 

Görüşlər qeyri-müəyyən olaraq qalır

Qeyd edək ki, danışıqların dördüncü mərhələsi İran müharibəsi səbəbilə təxirə salınıb.

V.Zelenski bildirib ki, Rusiya danışıqların dalana dirənəcəyi halda rəsmi Vaşinqtonun marağını itirəcəyini düşünür. O, əsas məsələlərin həlli üçün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə zirvə görüşünün keçirilməsinə çağırış edib.

Prezident V.Zelenski deyib: “Mən proqnozlaşdırılması çətin olan biri deyiləm (mən şokolad qutusu deyiləm). ABŞ prezidenti bu məsələyə daha praqmatik yanaşır.”

O, həmçinin ABŞ-yə “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirdiyinə görə təşəkkür etsə də, bu tədarüklərin kifayət etmədiyini vurğulayıb.

MƏNBƏ:TRT