Avropa İttifaqı (Aİ) Şurası ilə Avropa Parlamenti (AP) İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib.
Açıqlamada 2027-ci il büdcəsində ümumi öhdəliklərin 199,7 milyard avro, ödənişlərin isə 211,5 milyard avro olacağı ifadə edilib.
Açıqlamada büdcənin Aİ-nin Ukrayna və Yaxın Şərqdəki böhranlar da daxil olmaqla mövcud problemlərlə mübarizə aparmaq potensialını qoruyacağı, nəzərdə tutulmayan ehtiyaclar üçün 710,1 milyon avroluq pay saxlanıldığı qeyd olunub.
Həmçinin büdcədən həmrəylik, davamlılıq və dəyərlər başlığına 81,8 milyard avro, təbii sərvətlər və ətraf mühitə 61,3 milyard avro, vahid bazar, innovasiya və rəqəmsallaşmaya 22,8 milyard avro, qonşuluq və dünya başlığına 16,7 milyard avro, Avropa dövlət idarəçiliyinə 13,9 milyard avro, miqrasiya və sərhəd idarəçiliyinə 3,9 milyard avro, təhlükəsizlik və müdafiəyə 2,2 milyard avro, Ukraynaya dəstək krediti üçün 650 milyon avro, xüsusi sahələr üçün isə 8,3 milyard avro ödəniş ediləcəyi bildirilib.
Aİ büdcəsində öhdəliklər bir neçə maliyyə ilini əhatə edən fəaliyyətlər üçün verilən xərc vədlərini, ödənişlər isə cari və əvvəlki illərdə götürülmüş öhdəliklərdən mənbələnən xərcləri əhatə edir.
Digər tərəfdən, Aİ büdcəsinin gəlir hissəsi böyük ölçüdə üzv ölkələr tərəfindən təmin edilən resurslardan ibarətdir.
Aİ büdcəsinə nəzarəti mərkəzi qərargahı Lüksemburqda yerləşən Avropa Hesablar Palatası yerinə yetirir.






















