DÜNYA
1 dəqiqə oxuma
Rusiya: Ukraynada bir logistika mərkəzini və quru yük gəmisini vurduq
Rusiya hava hücumundan müdafiə sistemlərinin başda paytaxt Moskva və ətrafı olmaqla, fərqli bölgələrdə Ukraynaya məxsus 644 PUA-nı məhv etdiyi barədə məlumat paylaşılıb
Rusiya: Ukraynada bir logistika mərkəzini və quru yük gəmisini vurduq
(ARXİV) Rusiya Ukraynanın Odessa limanına hərbi yük daşıyan bir quru yük gəmisi ilə Odessa vilayətindəki bir logistika mərkəzini vurdu.

Rusiya Ukraynanın Odessa limanına hərbi yük daşıyan quru yük gəmisi ilə Odessa vilayətindəki bir logistika mərkəzini vurduqlarını bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatda Rusiya ordusunun gecə boyunca Ukraynanın liman infrastrukturu obyektlərinə və Ukrayna ordusu üçün istifadə olunan gəmilərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməyə davam etdiyi qeyd olunub.

Odessa vilayətinin Teplodar yaşayış məntəqəsində yerləşən, Ukrayna ordusunun ehtiyacları üçün hərbi və ikili təyinatlı yüklərin saxlanılmasında istifadə edilən "Blum" logistika mərkəzinin hədəf alındığı bildirilən bəyanatda, həmçinin Odessa limanına hərbi yük daşıyan quru yük gəmisinin də hərəkətdə olarkən vurulduğu ifadə edilib.

Nazirliyin digər bəyanatında oktyabrın 15-də yerli vaxtla saat 20:00-dan bu gün saat 08:00-dək Rusiya hava hücumundan müdafiə sistemlərinin başda paytaxt Moskva və ətrafı olmaqla, fərqli bölgələrdə Ukraynaya məxsus 644 PUA-nı məhv etdiyi barədə məlumat paylaşılıb.

Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi bəyanatda dünən axşamdan səhərə qədər Moskvaya doğru uçan 94 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirərək, PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidməti əməkdaşlarının işlərini davam etdirdiyini qeyd edib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən (Rosaviatsiya) verilən bəyanata görə, PUA hücumları zamanı gecə boyunca başda paytaxt Moskvadakı hava limanları və Sankt-Peterburqdakı Pulkovo Hava Limanı olmaqla, ölkənin müxtəlif şəhərlərində uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.