AZƏRBAYCAN
3 dəqiqə oxuma
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı "anti-Azərbaycan siyasəti" səbəbindən dayandırır
Azərbaycan Milli Məclisi Avropa Parlamentini “həqiqəti təhrif etməkdə” və suverenliyə, həmçinin ikitərəfli münasibətlərə zərər vurmaqda günahlandırıb
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı "anti-Azərbaycan siyasəti" səbəbindən dayandırır
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı "anti-Azərbaycan siyasəti" səbəbindən dayandırır / AA

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini Azərbaycan əleyhinə siyasətini, böhtan və qaralama fəaliyyətlərini davam etdirməkdə günahlandıraraq qurumla bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qərar qəbul edib.

Bu barədə Azərbaycan dövlət xəbər agentliyi “Azərtac” mayın 1-də Milli Məclis tərəfindən qəbul edilən qərara istinadən məlumat yayıb. Bildirilir ki, Milli Məclis xarici parlamentlər və parlament təşkilatları ilə münasibətlərində “sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə birgə fəaliyyəti əsas götürür; parlament dəyərləri və ortaq maraqlar əsasında açıq, səmimi və konstruktiv dialoqu təşviq edir.”

Qərarda qeyd edilir ki, “Təəssüf ki, Avropa Parlamentinin yuxarıda qeyd olunan prinsipləri kobud şəkildə pozan mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafı qarşısında əsas maneəyə çevrilmişdir.”

Qərarda Avropa Parlamenti ilə əməkdaşlıq məqsədilə yaradılmış Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası kimi platformaların “ölkəmizin daxili işlərinə təzyiq, şantaj və kobud müdaxilə vasitəsinə” çevrildiyi iddia olunub.

Milli Məclisin 2015-ci ildə Avropa Parlamenti ilə bütün əlaqələri dayandırmasına baxmayaraq, Avropa tərəfindən edilən çoxsaylı çağırışlar və vədlər əsasında əməkdaşlığın yenidən bərpa edildiyi qeyd olunub.

Qərarda “Buna baxmayaraq, Avropa Parlamenti verdiyi sözləri yerinə yetirməmiş, Azərbaycan əleyhinə siyasətini, böhtan və qaralama fəaliyyətlərini ardıcıl şəkildə davam etdirmişdir” ifadələrinə yer verilib.

Milli Məclisin verdiyi qərarda deyilir: “Bu gün demokratik dəyərlərin çökmüş olduğu, korrupsiya və rüşvətin dərin kök saldığı, lobbi qrupları və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin davamlı şəkildə səsləndirildiyi bir quruma çevrilmişdir.”

Qərarda həmçinin Avropa Parlamenti Azərbaycan-Aİ münasibətlərinin inkişafına mane olmaqda, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımlara qarşı çıxmaqda və revizionist qüvvələri təhrik etməkdə ittiham olunub.

 

Rəsmi Bakı Aİ səfirini Xarici İşlər Nazirliyinə çağırıb

Azərbaycan tərəfi Aİ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi qərarla bağlı etiraz notası təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Avropa Parlamentinin qərarında “həqiqəti təhrif edən, qərəzsizlik prinsipləri ilə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəlikləri ilə ziddiyyət təşkil edən əsassız və qərəzli müddəaların” yer aldığı bildirilib.

Açıqlamada “Qərarda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin geri dönüşü ilə bağlı iddialar tamamilə əsassız kimi qiymətləndirilmiş, bu cür çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə təşkil etdiyi qeyd olunmuşdur” deyə bildirilib.

Nazirlik erməni sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq 2023-cü ildə təqdim edilən reinteqrasiya planına baxmayaraq bölgəni könüllü şəkildə tərk etdiyini, bunun əksini iddia edən açıqlamaların isə həqiqəti əks etdirmədiyini vurğulayıb.

Nazirlik görüş zamanı qərarda “müharibə əsiri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad olunmasına dair çağırışların “hüquqi baxımdan qəbuledilməz” olduğunun vurğulandığını qeyd edib.

Açıqlamada deyilir: “Azərbaycan tərəfinin humanitar yanaşma sərgilədiyi, çoxsaylı saxlanılan şəxsləri azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı və məhkum edilən şəxslərin terrorçuluq, təxribat və müharibə cinayətləri də daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırladılmışdır.”

Bundan əlavə açıqlamada “mədəni və dini irsin dağıdılması” ilə bağlı iddiaların “tamamilə əsassız və qəbuledilməz” olduğu vurğulanıb. Həmçinin Avropa institutlarının Qarabağ bölgəsinin erməni işğalı dövründə Azərbaycanın mədəni və dini irsinə qarşı “genişmiqyaslı dağıntı və təhqir hallarına” diqqət yetirməməkdə günahlandırılıb.

Görüşdə Aİ-yə ikitərəfli münasibətlərə və Cənubi Qafqaz regionunda sülh və normallaşma prosesinə zərər verən addımlardan çəkinmək çağırışı edildiyi bildirilib.

Qeyd edək ki, Avropa Parlamenti aprelin 30-da qəbul etdiyi qərarda erməni “müharibə əsirlərinin” azad edilməsi və “erməni mədəni və dini irsinin dağıdılmasına görə məsul olanların” məsuliyyətə cəlb olunması çağırışı edib.

Qərarda həmçinin Qarabağın erməni sakinlərinə dəstək ifadə edilərək, bu şəxslərin müvafiq beynəlxalq təminatlar altında təhlükəsiz, maneəsiz və ləyaqətli geri qayıdış hüququna malik olduqları qeyd olunub.

MƏNBƏ:TRT