Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzadan 41 ağır vəziyyətdə olan xəstənin və onlara müşayiət edən 145 nəfərin tibbi təxliyyəsini təşkil edib. BMT rəsmiləri isə dağıdılmış bölgəni qorxunc film səhnəsinə bənzədiblər.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “X” platformasındakı paylaşımında bildirib ki, hazırda Qəzzada təxliyə olunmağı gözləyən təxminən 15 min xəstə var: “Tibbi təxliyələrin sürətləndirilməsi üçün ölkələri həmrəyliyə və bütün yolların açılmasına çağırmaqda davam edirik.”
Təşkilattan verilən məlumata görə, təxliyə edilən xəstələrin əksəriyyəti İsrailin Qəzzada iki ildir davam edən soyqırımı nəticəsində yaralanan şəxslərdir. Digərləri isə bölgədə iflic vəziyyətə düşmüş səhiyyə sistemi tərəfindən artıq müalicə oluna bilməyən xroniki xəstəliklərdir əziyyət çəkənlərdir.
Qeyd edək ki, müharibə dövründə Qəzzadan 7 minə yaxın xəstə təxliyə edilib və onların yarıdan çoxunu Misir qəbul edib. Lakin İsrailin 2024-cü ilin may ayında Rəfah sərhəd-keçid məntəqəsini nəzarətə götürməsindən sonra tibbi təxliyə prosesi kəskin şəkildə yavaşlayıb.
Digər tərəfdən, BMT Əhali Fondunun (UNFPA) baş direktor müavini Endryu Saberton bildirib ki, Qəzzadakı qadınlar və yeni doğulan körpələr aclıq və ana sağlamlığı xidmətlərinin tamamilə çökməsi ilə üz-üzə qalıb.
E.Saberton mətbuat konfransında deyib: “Qəzzada gördüklərimə inana bilmirəm. Dağıntının miqyası sanki bir distopik filmin səhnəsini xatırladırdı. Bunu başqa cür adlandırmaq mümkün deyil. Qəzza yerlə-yeksan olub.”
Qurum rəsmisi həmçinin qeyd edib ki, Qəzzadakı xəstəxanaların 94 faizi ya tamamilə dağıdılıb, ya da yararsız hala salınıb.
“Vaxtından əvvəl və az çəki ilə doğulan körpələr artıq bütün yeni doğulanların təxminən 70 faizini təşkil edir və hər üç hamiləlikdən biri yüksək risk daşıyır”, – deyə E.Saberton əlavə edib.
O, atəşkəsin “ümid işığı” yaratdığını desə də, yenidən başlayan İsrail hücumlarının ailələri qorxu və dəhşətə sürüklədiyini vurğulayıb.









