Fələstin rəsmisi İsrailin işğal olunmuş İordan çayının qərb sahilində suverenlik qurmaq cəhdlərini “müharibə elanı” adlandırıb və beynəlxalq ictimaiyyəti İsrailə qarşı boykot və təcrid tədbirlərinə çağırıb.
Fələstin Azadlıq Təşkilatının (FAT) Divar və Məskunlaşma Komissiyasının sədri Mouayyad Şaban ‘‘Anadolu’’ xəbər agentliyinə müsahibəsində bildirib ki, İsrailin heç bir qərarı və ya hərəkəti bu torpaqların Fələstinə məxsus olduğu həqiqətini dəyişə bilməz.
Oktyabrın 22-də İsrail parlamenti (Knesset) işğal olunmuş İordan çayının qərb sahilini ilhaq etmək və Qüdsün şərqindəki Fələstin torpaqlarında yerləşən Maale Adumim yaşayış məntəqəsini İsrail ərazisinə qatmaq barədə iki qanun layihəsini ilkin mərhələdə təsdiqləyib. Hər iki layihə qanuna çevrilməzdən əvvəl daha üç səsvermədən keçməlidir.
Bu addım ABŞ vitse-prezidenti Cey Di Vensin (J.D. Vance) Təl-Əvivə səfəri ilə eyni vaxta təsadüf edib. ABŞ prezidenti Donald Tramp isə sentyabrın 26-da İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini bəyan edib.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu qanun qüvvəyə minərsə, BMT qətnamələrində nəzərdə tutulan “iki dövlətli həll” modelinin həyata keçməsi ehtimalı tamamilə aradan qalxacaq.
Fələstin rəsmisi Mouayyad Şaban bildirib ki, İsrail parlamentinin işğal olunmuş ərazilərin ilhaqına dair qərarı son dərəcə təhlükəlidir və bu addım təkcə Fələstin xalqına deyil, həm də Birləşmiş Millətlər Təşkilatına, Təhlükəsizlik Şurasına və bütün beynəlxalq qanun və qətnamələrə qarşı “müharibə elanı” deməkdir.
Şaban fələstinlilərə müraciət edərək deyib ki, işğalçı İsrailə bir daha sübut etmək üçün bütün ərazilərdə mövcudluqlarını qorumalıdırlar. Onun sözlərinə görə, heç bir bəyanat və ya qanun bu reallığı dəyişdirə bilməz, əsas olan yer üzərindəki vəziyyətdir.
Fələstin rəsmisi həmçinin beynəlxalq ictimaiyyəti ifrat sağçı İsrail hökumətini siyasi, iqtisadi və hərbi cəhətdən təcrid etməyə, eləcə də bu ərazilərdə qeyri-qanuni məskunlaşanların, hökumət liderlərinin və onların əməkdaşlarının istənilən ölkəyə girişini qadağan etməyə çağırıb.
1967-ci il Ərəb-İsrail müharibəsindən sonra İsrailin Şərqi Qüdsü ilhaq etdiyini xatırladan Şaban qeyd edib ki, buna baxmayaraq Qüdsün minarələri hələ də ucalır və xalq müqavimət göstərməyə davam edir. O, həmçinin bildirib ki, heç bir qüvvə bu torpaqların Fələstinə məxsus olduğu həqiqətini dəyişə bilməz.
Şaban İsrail planının son iki ildə davamlı genişlənmənin nəticəsi olduğunu bildirərək deyib: “İordan çayının qərb sahilinin 71 faizi İsrailin nəzarəti altındadır. Burada 912-dən çox hərbi keçid, yoxlama məntəqəsi və baza yerləşir. İordan Vadisinin 30 faizdən çoxu da İsrailin nəzarəti altındadır.”
O, deyib ki, Fələstinlilərin cavabı geniş və birləşmiş olmalı, buna həmkarlar ittifaqları, siyasi qruplar, yerli şuralar, ailələr və uzun müddətdir müsadirə olunmuş fermer torpaqlarına qayıtmaq da daxil olmalıdır.
İsrail parlamentinin (Knesset) rəsmi saytının məlumatına görə, ifrat sağçı “Noam” partiyasının üzvü Avi Maozun işğal olunmuş İordan çayının qərb sahilinin ilhaqına dair təqdim etdiyi qanun layihəsinin lehinə 25, əleyhinə isə 24 deputat səs verib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, sağçı ‘‘İsrail Beiteinu’’ partiyasının lideri Aviqdor Libermanın Maale Adumim şəhərinin ilhaq edilməsi haqqında təqdim etdiyi qanun layihəsinin lehinə 32, əleyhinə isə 9 deputat səs verib.
Qüdsün şərqində yerləşən Maale Adumim bölgəsi işğal olunmuş İordan çayının qərb sahilinin ən böyük yaşayış məntəqələrindən biridir.
Fələstinlilər beynəlxalq qətnamələrə uyğun olaraq Şərqi Qüdsün Fələstin dövlətlərinin paytaxtı olmasında israr edi.














