TÜRK DÜNYASI
4 dəqiqə oxuma
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil
2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Sərvər Bəşirli köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə yardıma yollanıb.
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil / AA
14 saat əvvəl

2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Sərvər Bəşirli köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə yardıma yollanıb. Avtomobilinə Azərbaycan bayrağı asan Bəşirli, Bakının Ceyranbatan qəsəbəsindən yola çıxaraq Türkiyənin Kahramanmaraş şəhərinə doğru 1600 kilometrdən çox məsafəni qət edib.

Onu nə rəsmi konvoy, nə kameralar müşayiət edib. Onun əvvəlcədən hazırlanmış plan da yox idi. Bəşirli bunu şou və ya qəhrəmanlıq xatirinə deyil, sadəcə insanlıq borcu olaraq, yardıma ehtiyacı olanlara dəstək olmaq üçün edib. Onun bu səssiz addımı sosial mediada və televiziya ekranlarında sürətlə yayıldı.

Zəlzələ nəticəsində 50 mindən çox insan həlak oldu, 100 mindən çox insan yaralandı və binalar yerlə-yeksan oldu. Bu böyük fəlakətdə Bəşirlinin səssiz hərəkəti “qardaşın yanında dayanmaq” və “əlindən gələni etmək” rəmzinə çevrildi.

Qarabağ münaqişəsi zamanı məcburi köçkün vəziyyətinə düşmüş bir ailənin övladı olan 35 yaşlı Sərvər Bəşirli ‘’TRT World’’ə verdiyi müsahibədə deyib:
"Biz də çox çətin vaxtlar yaşamışıq. Mən Qarabağlıyam. 1992-ci ildə biz də qarda-qışda, uyğun paltarımız və ayaqqabımız olmadan məcburi köçkün vəziyyətinə düşəndə evsiz qalmağın nə olduğunu gördük’’:

Bəşirli üçün bu addım yalnız xeyriyyə işi deyil, həm də keçmişin acı xatirəsi idi:
"Buna görə də qardaşın yanında dayanmaq düşüncəsi ilə əlimizdən gələn hər şeyi etməyə çalışdıq", – deyə o vurğulayıb.

O, yola çıxarkən hərəkətinin bu qədər diqqət çəkəcəyindən xəbərsiz idi. Yolda qırmızı avtomobilinin şəkli çəkildi, sosial mediada paylaşıldı və qısa müddətdə “viral” oldu.

2023-cü ilin fevralında baş verən zəlzələlər təxminən 14 milyon insanın həyatına mənfi təsir göstərib. Bu, Türkiyə tarixinin ən qaranlıq səhifələrindən biri olsa da, eyni zamanda Türk dünyası üçün sınaq anı idi. Bu hadisə tarixi kökləri, mədəni yaddaşı və dərin qardaşlıq hissini real hərəkətə çevirməyin nümunəsi oldu.

Fəlakətin ilk saatlarından etibarən Türk dövlətləri səfərbər oldu. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan axtarış-xilasetmə qrupları, tibbi personal və humanitar yardım karvanları göndərib, bərpa işlərinə uzunmüddətli dəstək vəd edib.

Rəsmi dövlət yardımları ilə yanaşı, Sərvər Bəşirli kimi sadə insanların fərdi addımları cəmiyyətdə güclü emosional əks-səda doğurub. İstanbul Mərmərə Universitetindən dosent Başak Kuşakçı ‘’TRT World’’ə müsahibəsində deyib:
"Türk dünyası ilk saatlardan etibarən sadəcə başsağlığı mesajları ilə kifayətlənmədi. Bölgədə həyata keçirilən könüllü əməliyyatlar, humanitar yardımlar və uzunmüddətli bərpa layihələri ilə Türkiyənin yanında oldu’’.
O, bu həmrəyliyi “tarixi bir dönüş nöqtəsi” adlandırıb.

Xilasetmə əməliyyatları ağlasığmaz çətin şəraitdə aparılıb. Güclü qar yağışı, şaxta və genişmiqyaslı dağıntılar çökmüş binalara girişi ciddi şəkildə çətinləşdirirdi. Buna baxmayaraq xilasedicilər, hərbçilər, polislər, könüllülər və vətəndaşlar birgə çalışıblar.

Türkiyənin dörd bir yanında məscidlər, məktəblər və evlər yardım mərkəzlərinə çevrildi. Dünyanın müxtəlif ölkələrindən beynəlxalq xilasetmə qrupları bölgəyə axışdı. Lakin Azərbaycanın reaksiyası həm miqyası, həm də simvolik mənası ilə xüsusilə seçildi.

Fəlakətin ilk həftəsində Azərbaycan Türkiyəyə 1500 tondan çox humanitar yardım və ən böyük xarici axtarış-xilasetmə heyətini göndәrdi. Eyni zamanda ölkə daxilində genişmiqyaslı ianə kampaniyaları başladıldı.

Dosent Başak Kuşakçı qeyd edir ki, Türk dünyasının bu reaksiyasını sadə bir yardım kampaniyası kimi qiymətləndirmək olmaz:
"Türkiyəyə göstərilən dəstək mədəni yaddaş, tarixi əlaqələr və gələcəyə dair ortaq vizyonla formalaşdı. Türküstandan Qafqaza qədər uzanan bu geniş coğrafiya zəlzələni təkcə Türkiyənin faciəsi kimi deyil, bütün Türk dünyasının kollektiv sınağı kimi qəbul etdi’’.

Bu həmrəylik yenidənqurma mərhələsində də özünü göstərdi. Fəlakətdən zərər çəkmiş 11 vilayətdən biri olan Hatayda yaxınlarda zəlzələ qurbanları üçün inşa edilmiş 3000-dən çox mənzil istifadəyə verildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mənzillərin təhvil-təslim mərasimində birlikdə iştirak etməsi  bərpa prosesinin də ortaq məsuliyyət kimi qəbul edildiyinin bariz nümunəsi oldu.

Bu gün də Sərvər Bəşirlinin qırmızı avtomobili onunladır və ictimai yaddaşda sadəcə bir avtomobil kimi deyil, daha dərin mənaya malikdir. O, fədakarlıq, qeyd-şərtsiz həmrəylik və əməllərlə sübut edilmiş qardaşlığı təmsil edir. Türkiyədə bir çoxları onun daimi bir abidə kimi muzeydə qorunmasını belə təklif ediblər.

Bəşirli sonradan yeni bir avtomobil və təvazökar evinin tikintisi üçün dəstək alsa da, onun nu hərəkətinin əsl dəyəri ölçüyəgəlməzdir.