DÜNYA
1 dəqiqə oxuma
İsrail qüvvələri Suriyanın cənubunu növbəti dəfə atəşə tutub
İsrail ordusu Suriyanın cənubundakı Quneytra şəhərinin əl-Rafid qəsəbəsinin ətrafını atəşə tutub
İsrail qüvvələri Suriyanın cənubunu növbəti dəfə atəşə tutub
İsrail qüvvələri Suriyanın cənubunu növbəti dəfə atəşə tutub / Reuters Archive

İsrail ordusu Suriyanın cənubundakı Quneytra şəhərinin əl-Rafid qəsəbəsinin ətrafını atəşə tutub.

Suriyanın "Al-Ekhbariya" telekanalının yaydığı məlumata görə, əraziyə altı mərmi düşüb. İlkin məlumatlara əsasən, hücum nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. Zərbələrdən öncə İsrail ordusuna aid beş hərbi maşın əl-Rafid istiqamətində irəliləsə də, qısa müddət sonra geri çəkilib.

Qeyd edək ki, İsrail qüvvələri sentyabrın 4-də Quneytranın cənubundakı Tel əl-Əhmar yaxınlığına iki artilleriya mərmisi atıb. Suriyanın rəsmi SANA agentliyi isə İsrail hərbçilərinin sentyabrın 2-də əl-Rafid qəsəbəsi yaxınlığında bir çobanı saxladığını və daha sonra azad etdiyini bildirib.

Xatırladaq ki, ötən ay İsrail hərbi təyyarələri ölkənin şimal-qərbindəki İdlib əyalətində yerləşən Əbu əl-Duhur hərbi hava bazasının uçuş-enmə zolağına səkkiz aviazərbə endirərək hərbi infrastruktura ziyan vurmuşdu.

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin bölgədəki hərbi fəallığı kəskin artıb. Həmin dövrdə İsrail 1974-cü ildə imzalanmış qüvvələrin ayırması haqqında sazişi ləğv edərək Suriya ilə həmsərhəd bufer zonaya nəzarəti ələ keçirib.