Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, müharibələr artıq təkcə fiziki döyüş meydanları ilə məhdudlaşmır, narrativlər, rəqəmsal platformalar və manipulyasiya vasitəsilə aparılır.
Türkiyə rəsmisi B.Duran bu barədə fevralın 7-də Qətərin paytaxtı Dohada keçirilən 17-ci “Əl-Cəzirə” Forumunun açılışında çıxış edərkən deyib. B.Duran tədbirin əsas mövzusu olan “Fələstin məsələsi və çoxqütblü dünyanın formalaşması kontekstində regional güc balansı”nın iştirakçıları İsrailin Qəzzaya qarşı müharibəsinin dağıdıcı reallığı ilə üzləşməyə, eyni zamanda beynəlxalq sistemin daha dərin transformasiyası ilə mübarizəyə çağıran bir çərçivə olduğunu vurğulayıb.
B.Duran deyib: “20 ildən artıqdır ki, bizə dünyanın keçid mərhələsində olduğu, bir qlobal nizamdan digərinə doğru irəlilədiyimiz bildirilir. Bu gün isə bu narrativ artıq kifayət etmir. Dünya daha keçid mərhələsində deyil, artıq bu keçidi tamamlayıb.”
O qeyd edib ki, bir vaxtlar müharibədən sonrakı beynəlxalq sistemi formalaşdıran fərziyyələr yox olub, qlobal normalar zəifləyib, pandemiyalar qlobal idarəetmənin zəyifliyini üzə çıxarıb, törədilən soyqırım hadisələri isə bir reallıq kimi yenidən beynəlxalq siyasətin mərkəzinə qayıdıb.
Burhanəddin Duran bu faciələrin qarşısını almaq üçün yaradılmış beynəlxalq institutların ictimaiyyət qarşısında dəfələrlə və struktur baxımından uğursuzluğa düçar olduğunu diqqətə çatdıraraq bildirib ki, beynəlxalq sistem artıq parçalanma, rəqabət və institusional yorğunluqla xarakterizə olunur. B.Duran əlavə edib: “Böyük güclər arasında rəqabət getdikcə qlobal gündəliyə hakim olur və bu mühitdə qeyri-müəyyənlik artıq reallığa çevrilib.”
Nizamın əsas prinsipi ədalətdir
B.Duran vurğulayıb ki, bu dövrü əsaslı şəkildə fərqləndirən amil informasiya müharibəsinin münaqişə məntiqinə tam inteqrasiya olunmasıdır. O deyib: “Müharibələr artıq fiziki döyüş meydanları ilə məhdudlaşmır, narrativlər, rəqəmsal platformalar və manipulyasiya vasitəsilə aparılır.”
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri qeyd edib ki, texnologiya şirkətləri, platforma sahibləri və alqoritm tərtibatçıları demokratik hesabatlılıq olmadan siyasi nəticələri formalaşdıra bilən güclü qeyri-dövlət aktorları kimi ortaya çıxıb. O, sözlərini belə davam etdirib:
“Alqoritmik nəzarət yeni bir hökmranlıq forması yaradıb. Nəyin görünən, nəyin etibarlı və nəyin yox olacağını o müəyyənləşdirir. Bu məqamda əsas məsələyə diqqət yetirməliyik: İyerarxiya dağıldıqda, institutlar zəiflədikdə və güc parçalandıqda nizamı hansı prinsip təmin edə bilər? Cavab ədalətdir. Təkcə mənəvi arzu kimi deyil, siyasi nizamı tənzimləyən prinsip kimi. Çünki ədalət legitimlik yaradır. Ədalətin mövcud olduğu yerdə nizam zorla qəbul etdirilmir, daxildən mənimsənilir.”
Burhanəddin Duran vurğulayıb ki, ədalət həqiqət olmadan mövcud ola bilməz, həqiqət isə onu qoruyan şərtlər olmadan yaşaya bilməz.
Ağırlıq mərkəzi
B.Duran bu regionun həqiqət və ədaləti birləşdirən sivilizasiya ənənəsinə malik olduğunu bildirərək deyib: “Əl-Fərabidən İbn Xəlduna qədər uzanan intellektual ənənəmiz bizə öyrədir ki, sivilizasiyalar hegemonluqla deyil, legitimlik, birlik və mənəvi məqsəd sayəsində ayaqda qalır.”
O qeyd edib ki, bu gün Yaxın Şərq çoxsaylı böhranlarla üz-üzədir və təsir artıq təkcə hərbi göstəricilərlə ölçülmür, iqtisadi potensial, diplomatik əlaqələr, yenidənqurma gücü və koalisiya qurmaq bacarığı ilə müəyyən edilir.
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri təhlükəsizlik və humanitar yardım sahələri arasındakı sərhədlərin aradan qalxdığını, humanitar böhranların artıq yalnız müharibələri müşayiət etmədiyini, həm də strateji nəticələri formalaşdırdığını bildirib.
B.Duran əlavə edib ki, regional aktorlar görünməmiş diplomatik və iqtisadi imkanlara malik olsalar da, koordinasiya məsələsi əsas çətinlik olaraq qalır. “Kollektiv fəaliyyət olmadan fərdi güc davamlı sabitlik yarada bilməz”, - deyə B.Duran vurğulayıb.
Müharibələrin yalnız atəşkəslərlə deyil, idarəetmə mexanizmləri, yenidənqurma çərçivələri və siyasi yollarla başa çatdığını deyən B.Duran vurğulayıb: “Türkiyənin məqsədi regional sahiblik prinsipinə əsaslanır. Bu, yerli aktorları prioritetləşdirən, regional diplomatiyanı funksional edən və kollektiv potensialı gücləndirən strateji çərçivədir. Regional problemlər regional həllər tələb edir.”
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri qeyd edib ki, regional aktorlar öz münaqişələrini idarə edə bilmədikdə, onlar artıq lokal xarakter daşımır və qlobal anarxiyanın yanacağına çevrilir. Onun sözlərinə görə, region artıq təkcə beynəlxalq sistemdəki böhrandan təsirlənmir, eyni zamanda bu böhranı yüngülləşdirmək və ya dərinləşdirmək gücünə malikdir.
B.Duran regiondakı böhranların görünməmiş etimadsızlıq dalğasına səbəb olduğunu bildirərək deyib: “Bu etimadsızlıq hərbi toqquşmaları, humanitar fəlakətləri, iqtisadi təzyiqləri, informasiya müharibələrini və siyasi qütbləşməni əhatə edir. Qəzzada bu dalğa ən kəskin formada müşahidə olunur: kütləvi dağıntı, dərin travma, soyqırım və humanitar çöküş.”
O, regional və Körfəz aktorlarını müharibəni dayandırmaq, hər cür məcburi köçürmənin qarşısını almaq və yenidənqurmanı siyasi həyata keçirilmə imkanı, davamlı sabitlik və müdafiə ilə əlaqələndirmək kimi üç prioritet ətrafında birləşməyə çağırıb.
Türkiyənin qlobal sülh və regional təhlükəsizlik istiqamətində addımları
B.Duran bildirib ki, Türkiyə qlobal sülhə töhfə vermək üçün konkret addımlar atır və regional ölkələri bu məsuliyyəti bölüşməyə dəvət edir. O, sabitliyin yalnız sıx əməkdaşlıq, qarşılıqlı etimad və kollektiv müdriklik sayəsində təmin oluna biləcəyini vurğulayıb.
Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, Rusiya ilə Ukrayna arasında Taxıl Dəhlizi təşəbbüsü və Türkiyənin İran böhranındakı vasitəçi rolu kimi nümunələri xatırladan B.Duran yeni regional təhlükəsizlik siyasətinin yaradılmasına çağıraraq bunun eyni zamanda xarici təhdidlərə qarşı ortaq potensial formalaşdırmalı olduğunu bildirib.
Burhanəddin Duran deyib: “Regionumuzda meydana gələn yeni risk və etimadsızlıq dalğasına qarşı müxtəlif əməkdaşlıq mexanizmlərinin qurulmasına töhfə veririk. Bütün bu səylərlə öz bilik bazamızı və diplomatiya ekosistemimizi formalaşdırmağı hədəfləyirik. Bu ekosistemin regionumuzun reallıqlarını əks etdirməsini, kollektiv müdrikliyi təşviq etməsini və daha balanslı qlobal nizamın formalaşmasına töhfə verməsini istəyirik.”
“Regionumuz öz hekayəsinin müəllifliyini geri qaytarmalıdır”
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri B.Duran bildirib: “Narrativ gücdür. Mənanı müəyyən edən tərəf nizamı da formalaşdırır. Bir sözlə regionumuz öz hekayəsinin müəllifliyini geri qaytarmalıdır. Bu, özünü mifləşdirmək üçün deyil, qlobal dönüş nöqtəsində sivilizasiya missiyasını aydınlıq və inamla ifadə etmək üçündür.”
ABŞ prezidenti Donald Trampın daha ədalətli dünya çağırışına istinad edən B.Duran deyib: “Bu, sadəcə ümid bəyanatı deyil. Bu, ədalətin şüurlu şəkildə qurulmalı olduğuna dair strateji məqsəddir. Bu, sərhədlərarası əməkdaşlığı, alqoritmik hegemoniyaya qarşı dayanıqlılığı, həqiqətin müdafiəsini, ədalətin yenidən bərpasını, ləyaqət və legitimliyə əsaslanan yeni qlobal nizamı təsəvvür etmək cəsarətini tələb edir.”
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran çıxışını bu sözlərlə yekunlaşdırıb: “Həqiqət bu şəkildə ədalətə çevrilir. Ədalət isə bu şəkildə nizama çevrilir. Bir zamanlar haqqında danışılan region beləliklə öz adından danışan bir regiona çevrilir.”

















