Türkiyənin ilk pilotsuz suüstü aparat (USV) istehsalçısı "ULAQ Global Autonomous Systems" Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) törəmə müəssisələrindən biri olan "SAMI Autonomous Company" ilə pilotsuz dəniz sistemləri sahəsində əməkdaşlığı gücləndirmək üçün müqavilə imzalayıb.
Ər-Riyadda keçirilən Dünya Müdafiə Sərgisində (WDS 2026) imzalanan saziş Səudiyyə Ərəbistanında pilotsuz dəniz sistemlərinin layihələndirilməsi, hazırlanması, istehsalı, sistem inteqrasiyası və texniki xidməti sahələrində hərtərəfli əməkdaşlıq çərçivəsi qurmağı hədəfləyir.
Səudiyyə Ərəbistanında bu sahədə imzalanan ilk müqavilə olan sözügedən əməkdaşlıq ölkənin dənizçilik və müdafiə qabiliyyətinə böyük töhfə verəcək və "Vizyon 2030" hədəfləri ilə uyğunluq təşkil edəcək.
"ULAQ Global"ın idarə heyətinin üzvü Kerem Kalafatoğlu “Anadolu” agentliyinə verdiyi açıqlamada iki şirkət arasındakı müqavilənin ilk növbədə birgə inkişaf, texnologiya transferi və USV-lərin yerli istehsalını hədəflədiyini bildirib.
"Fəaliyyətimiz təkcə Səudiyyə Ərəbistanı ilə deyil, bütün dünyada davam edir. Bu təşəbbüs bizə dayanıqlı mənfəət əldə etmək imkanı verəcək və biz ULAQ USV-ni təkcə Səudiyyə Ərəbistanına deyil, dünyanın digər ölkələrinə də ixrac etməyi hədəfləyirik", - deyə Kalafatoğlu qeyd edib.
Türkiyənin "ULAQ Global" şirkəti illər ərzində əldə etdiyi bilik və təcrübəni səudiyyəli tərəfdaşı ilə bölüşərək, Səudiyyə Ərəbistanındakı yerli USV istehsalına töhfə verəcək. Kerem Kalafatoğlu bildirib ki, işlərimiz burada, Avropada və ABŞ-də davam edir. Məqsədimiz 'ULAQ Global'ı qlobal miqyasda böyütməkdir".











