SİYASƏT
2 dəqiqə oxuma
ABŞ İsrailə 6,67 milyard dollar dəyərində silah satışını təsdiqləyib
Rəsmi Vaşinqton silah satışlarının İsrailin müdafiə qabiliyyətlərinin dəstəklənməsinə yönəldiyini qeyd edib
ABŞ İsrailə 6,67 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ İsrailə 6,67 milyard dollar dəyərində silah satışını təsdiqləyib / AP
31 yanvar 2026

Donald Tramp administrasiyası tərkibinə “Apache” hücum helikopterləri və yüngül taktiki nəqliyyat vasitələri daxil olan, ümumi dəyəri 6,67 milyard dollar təşkil edən yeni silah satışı paketini İsrail üçün təsdiqləyib. Məsələ ilə bağlı məlumat yanvarın 30-da ABŞ Dövlət Departamenti tərəfindən açıqlanıb. Bəyanatda bildirib ki, silah satışı haqqında paket dörd ayrı satış maddəsindən ibarətdir.

Qeyd edək ki, silah satışı üzrə təsdiq qərarı ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları ətrafında Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə verilib.

Silah satışı üzrə paketin ən böyük hissəsini müvafiq texniki avadanlıq və silah sistemləri ilə təchiz olunacaq 30 ədəd “Apache” hücum helikopterinin satışı təşkil edir. Bu satış maddəsinin ümumi dəyəri 3,8 milyard dollar olaraq açıqlanıb.

ABŞ Dövlət Departamenti helikopterlərin raket buraxılış qurğuları və qabaqcıl hədəfləmə sistemləri ilə təchiz ediləcəyini bildirib.

İkinci ən iri satış maddəsi isə İsrail ordusunun şəxsi heyətin və logistikanın daşınmasında istifadəsi, eləcə də rabitə xətlərinin genişləndirilməsi məqsədilə 3 min 250 ədəd yüngül taktiki nəqliyyat vasitəsinin satışını əhatə edir. Qeyd olunan avadanlığın dəyəri 1,98 milyard dollar olaraq göstərilib.

Təsdiqlənən digər maddələr sırasında “Namer” zirehli personal daşıyıcıları üçün 740 milyon dollar dəyərində mühərrik və transmissiya komplektləri, həmçinin “AW-119Kx” yüngül çoxməqsədli helikopterləri üçün 150 milyon dollarlıq satış da yer alır.

ABŞ Dövlət Departamenti silah satışlarının İsrailin müdafiə qabiliyyətlərinin dəstəklənməsinə yönəldiyini qeyd edib.

MƏNBƏ:TRT