Rusiya dövlət xəbər agentliyi TASS-ın yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Çinə edəcəyi səfərdən əvvəl verdiyi açıqlamada rəsmi Moskva ilə Pekin hakimiyyəti arasındakı əlaqələrin görünməmiş səviyyəyə yüksəldiyini qeyd edib. Həmçinin ölkələr arasındakı dostluğun heç kimi hədəf almadığını xüsusi vurğulayıb.
Mayın 19-da (bu gün) Pekinə reallaşacaq səfəri öncəsi yayımlanan videomüraciətində V.Putin Rusiya və Çinin siyasət, iqtisadiyyat, müdafiə və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirmək əzmində olduqlarını ifadə edib.
“Dostluğumuz heç kimə qarşı yönəlməyib”, — deyə bildirən V.Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada əsaslandığını əlavə edib. Rusiya lideri bu münasibətlərin suverenlik və dövlət birliyi də daxil olmaqla, tərəflərin fundamental maraqlarının dəstəklənməsinə əsaslandığını qeyd edib.
Rusiya dövlət başçısı V.Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Pekinə getdiyini diqqətə çatdırıb. O, Si Cinpini yaxın dostu adlandırıb. Həmçinin mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin dərinləşməsində həyati əhəmiyyət daşıdığını bildirib.
Rusiya ölkə rəhbəri tərəflər arasında 25 il əvvəl imzalanmış "Mehiban Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsi"ndən bəri həqiqi strateji münasibətlər və hərtərəfli tərəfdaşlıq qurulduğunu ifadə edib.
V.Putin deyib: “Münasibətlərin xüsusi xarakteri qarşılıqlı anlaşma və etimad mühitində özünü göstərir. Bu əlaqələr qarşılıqlı faydalı və ədalətli əməkdaşlığı davam etdirmək öhdəliyinə əsaslanır. Tərəflər hörmətə söykənən dialoq aparır. Eyni zamanda suverenliyin və dövlət birliyinin qorunması da daxil olmaqla, hər iki ölkənin fundamental maraqlarına toxunan məsələlərdə bir-birini dəstəkləyir.”
V.Putin həmçinin tərəflər arasındakı iqtisadi əməkdaşlığı yüksək qiymətləndirib. O, ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdiyini və qarşılıqlı ödəmələrin böyük hissəsinin tamamilə rubl və yuan ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Qarşılıqlı vizasız rejimin tətbiq olunmasını məmnunluqla qarşılayan V.Putin bu addımın turizm, işgüzar səfərlər və xalqlararası münasibəti canlandıracağını qeyd edib.
Rusiya prezidenti V.Putin rəsmi Moskvanın Çinin tarixinə və mədəniyyətinə böyük dəyər verdiyini bildirib. O, iki ölkə arasındakı humanitar və mədəni əlaqələri daha da dərinləşdirməyi hədəflədiklərini sözlərinə əlavə edib.














