ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa edəcəyi təqdirdə bu ölkəyə yeni zərbələr endirəcəyini bildirib.
Floridadakı Mar-a-Lago malikanəsində jurnalistlərə açıqlama verən Donald Tramp deyib: "Əldə etdiyim məlumata görə, İran nüvə proqramını bərpa etməyə çalışır. Əgər belədirsə, biz onları dayandırmalıyıq. Onlara çox ağıq zərbələr endirəcəyik".
Tramp həmçinin danışıqlara açıq olduğunu və yeni bir razılaşmanın daha məntiqli olacağını bildirərək deyib: "Onlar keçən dəfə də genişmiqyaslı hücum başlamazdan əvvəl də razılığa gələ bilərdilər".
Xatırladaq ki, nüvə danışıqları davam edərkən Tramp İsraili İrana hücum etməməyə çağırmışdı. Buna baxmayaraq, İsrail İrana qəfil hücum etdi. Bu hadisə ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsi ilə nəticələnən 12 günlük münaqişəyə səbəb oldu.















