Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Pakistana rəsmi səfər edib. Avqustun 20-də yerli mətbuata açıqlama verən nazir Türkiyəni Suriyanın yenidən qurulması prosesində "əsas tərəfdaş" adlandırıb. Ə.H.Şeybani iki ölkə arasındakı 1000 kilometrdən çox olan sərhədə və tarixi əlaqələrə də diqqət çəkib.
Əsəd Həsən Şeybani bu ayın əvvəlində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Müdafiə Sazişi” ilə bağlı sualı cavablandırıb. O, Suriyanın bu məsələ üzərində işlədiyini və bu barədə qərarlarını irəliləyən zamanlarda verəcəklərini bildirib.
İran ilə hər hansı təmas məsələsinə toxunan Ə.H.Şeybani bu ölkənin hər şeydən əvvəl Suriya xalqına etdiklərini qəbul etməli olduğunu vurğulayıb.
ABŞ ilə İran arasındakı dialoq prosesində Pakistanın rolunu yüksək qiymətləndirən suriyalı nazir rəsmi İslamabadın hazırda Suriya ilə İran arasında hər hansı vasitəçilik təklifi irəli sürmədiyini bildirib.
Pakistana səfərinin "uğurlu" keçdiyini bildirən Ə.H.Şeybani Pakistan və Suriyanın nazirlərarası birgə komissiyanı yenidən təsis etmək, birbaşa uçuşları davam etdirmək, ticari əlaqələr yaratmaq və investisiya forumu keçirmək barədə razılığa gəldiklərini diqqətə çatdırıb.
Hər iki tərəfin mövqeyinin üst-üstə düşdüyünü və ikitərəfli əlaqələri ən yüksək səviyyəyə qaldırmaq istədiklərini vurğulayan Ə.H.Şeybani Suriyanın Pakistandakı diplomatik təmsilçiliyini səfirlik səviyyəsinə qaldıracağını ifadə edib.























