Yəməndəki husilər Qırmızı dənizdə İsrailə məxsus və ya bu ölkə ilə əlaqəli bütün gəmilərin hərəkətinə tam qadağa qoyduqlarını və onları yenidən hədəf alacaqlarını bəyan ediblər. İyunun 8-də yayılan bəyanatda İsrailin Yaffa bölgəsindəki bəzi strateji hədəflərə raket zərbələri endirdiyi bildirilib.
Husilər bu addımı İsrailin İran, Fələstin, Livan, İraq və Yəmənə yönəlmiş hərbi əməliyyatlarına cavab olaraq atdıqlarını bildirib. Qruplaşma regional inkişafa paralel olaraq gərginliyi daha da artıracaqlarını qeyd edib. İsrail rəsmiləri husilərin iddialarına hələlik münasibət bildirməsə də, ölkə mediası günün birinci yarısında Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib. Bu hədisədən sonra İsrailin hava məkanı uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.
Regiondakı mövcud hərbi eskalasiya İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənub rayonlarına endirdiyi hava zərbələrindən sonra daha da intensivləşib. Belə ki, Beyrut hücumuna cavab olaraq İran tərəfi İsrailə raket zərbələri endirib. Buna cavab olaraq isə İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrini hədəf alıb, nəticədə Tehran, İsfahan və Təbriz də daxil olmaqla bir neçə şəhərdə güclü partlayışlar qeydə alınıb.















