Rusiya dövləti Ukrayna ilə sülh danışıqları zamanı Kiyevə hava hücumu həyata keçirib

Mayamidə keçirilən danışıqlardan bir neçə gün sonra Kiyev hava hücumuna məruz qalıb, sülh müzakirələri fonunda gərginlik artıb

By
Rusiya dövləti Ukrayna ilə sülh danışıqları zamanı Kiyevə hava hücumu həyata keçirib / Reuters

ABŞ-ın vasitəçiliyi ilə Mayami şəhərində keçirilən və dekabrın 21-də yekunlaşan sülh danışıqlarından cəmi bir neçə gün sonra Ukrayna ordusu dekabrın 23-də (bu gün) səhər tezdən Rusiyanın paytaxt Kiyevə hava hücumuna başladığını açıqlayıb.

Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında yaydığı məlumatda hava hücumundan müdafiə qüvvələrinin paytaxtın səmasında yaranmış təhlükəni zərərsizləşdirmək üçün fəaliyyətə keçdiyini bildirib. Açıqlamada əhaliyə rəsmi olaraq həyəcan siqnalının ləğv edildiyi barədə məlumat verilənədək sığınacaqlarda qalmaq tövsiyə olunub.

Hadisə ilə bağlı hələlik ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib, hücumun dəqiq miqyası isə indiyədək müəyyənləşdirilməyib.

Qeyd edək ki, rəsmi Vaşinqton Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni sona çatdıracaq imkanların olub-olmadığını qiymətləndirir. Bu məqsədlə Mayamidə təşkil olunan həftəsonu görüşlərində ABŞ rəsmiləri Ukrayna və Avropa nümayəndələri ilə danışıqlar aparıb. Rusiya tərəfi ilə təmaslar isə ayrıca formatda keçirilib.

 

Müharibə danışıqlarında müsbət siqnallar

Ukrayna prezidenti Volodimir Zelenskiy Rusiya ilə təxminən dörd ildir davam edən müharibəni sona çatdırmağı hədəfləyən danışıqların “real nəticəyə çox yaxın” olduğunu bildirib.

Ukraynalı diplomatlar üçün təşkil olunan iclasda çıxış edən V.Zelenskiy Ukrayna, ABŞ və Avropalı tərəfdaşların iştirak etdiyi görüşmələrdə ciddi irəliləyiş əldə edildiyini vurğulayıb. “Hər şey kifayət qədər ümidverici görünür. Burada əsas məqam ondan ibarətdir ki, bu proses həm bizim, həm də Amerika Birləşik Ştatlarının birgə səylərinin nəticəsidir. Bu isə real nəticəyə çox yaxın olduğumuzu göstərir”, – deyə V.Zelenskiy bildirib.

Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Florida ştatında keçirilən son görüşlər də daxil olmaqla, ABŞ nümayəndələri ilə bir sıra danışıqlar aparıb.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin investisiya məsələləri üzrə nümayəndəsi və rusiyalı danışıqlarçı Kiril Dmitriyev də ABŞ rəsmiləri ilə ayrı-ayrı görüşlər keçirib.

Ukrayna və Rusiya rəsmiləri nümayəndə heyətlərinin danışıqların nəticələri barədə məlumat vermək üçün dekabrın 22-də öz ölkələrinə qayıtdıqlarını bildiriblər.