“Alibaba” şirkəti Çin ordusuna dəstək verdiyinə dair iddiaları təkzib etdi
Şirkət özü barəsində yayılan xəbərləri “pis niyyətli və tamamilə yanlış” adlandırıb
Çin texnologiya nəhəngi “Alibaba” rəsmi Pekinin ABŞ-ı hədəf almasına kömək etdiyi iddialarını rədd edərək noyabrın 15-də (bu gün) AFP-yə verdiyi açıqlamada mediada yayılan son xəbərlərin tamamilə yanlış olduğunu bildirib.
“Financial Times” noyabrın 15-də (bu gün) səhər saatlarında qəzetə təqdim edilən bir Ağ Ev qeydinə əsaslanaraq yazıb ki, “Alibaba” ABŞ-a qarşı Çin ordusu üçün texniki dəstək göstərib.
Xəbərdə qeyd olunub ki, həmin məlumatda “Alibaba” şirkətinin “IP ünvanları, WiFi məlumatları və ödəniş qeydləri” də daxil olmaqla müştəri məlumatlarını Çin hakimiyyətinə və Çin Xalq Azadlıq Ordusuna (PLA) verdiyi iddia olunur.
“Financial Times” Ağ Evin bu fəaliyyətlərin ABŞ təhlükəsizliyini təhdid etdiyinə inandığını, lakin iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
“Alibaba Group” sözçüsü isə AFP-yə açıqlamasında “xəbərdəki iddiaların və eyhamların tamamilə yanlış olduğunu” deyib.
Hancou mərkəzli şirkət bu kimi xəbərləri “Prezident D.Trampın Çinlə əldə etdiyi son ticarət razılaşmasını pozmaq istəyən xəyanətkar biriləri tərəfindən açıq şəkildə başladılan pis niyyətli PR əməliyyatı” adlandırıb.
Bu fikir ayrılığı, texnoloji üstünlük uğrunda rəqabət aparan rəsmi Pekin və Vaşinqton rəhbərliyi arasında davam edən qarşılıqlı şübhələri bir daha gündəmə gətirir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvar ayında vəzifəyə qayıtdıqdan sonra Çinlə sərt ticarət müharibəsini yenidən alovlandırıb. Aylarla davam edən qarşılıqlı gömrük tarifləri müharibəsinin ardından D.Tramp və onun həmkarı Si Cinpin ötən ayın sonunda bir illik razılığa gəliblər.
Çinin ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin katibi də xəbərdə sözü keçən iddiaları təkzib edib. Səfir Liu Penqyu “X” sosial media platformasında yazıb: “Çin hökuməti yerli qanunları pozaraq xarici ölkələrdəki məlumatları toplamaq və ya istifadə etmək üçün şirkətlərdən və ya şəxslərdən heç vaxt hər hansı bir şey tələb etmir.”
Qeyd edək ki, bu xəbər Vaşinqtonda Çinin casusluq məqsədi ilə qabaqcıl texnologiyalardan istifadə etmək potensialına dair artan narahatlıqlara daha bir nümunə əlavə edib.
Həmçinin bildirilir ki, noyabrın 13-də Kaliforniya mərkəzli süni intellekt şirkəti “Anthropic” böyük ölçüdə süni intellekt tərəfindən avtonom şəkildə həyata keçirilən ilk sənədləşdirilmiş kiber casusluq hücumunu aşkar edib.
“Anthropic” bildirib ki, fəaliyyətlər “GTG-1002” kod adlı Çin dövləti tərəfindən dəstəklənən bir qrupa aid edilib.
Noyabrın 14-də keçirilən mətbuat konfransında bu xəbərlə bağlı verilən sualları cavablayan Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “detallara bələd olmadığını”, rəsmi Pekinin daima hakerlik fəaliyyətlərinə qarşı mübarizə apardığını qeyd edib.