Rusiya ABŞ-nin tələbi ilə Kiyevə hücumları dayandırıb

Rəsmi Vaşinqton tərəflər arası gərginliyin azaldılması üçün fürsət yaratmağa çalışır

By
Rusiya ABŞ-nin tələbi ilə Kiyevə hücumları dayandırıb / AP

Rusiya rəhbərliyi ABŞ prezidenti Donald Trampın tələbi əsasında fevralın 1-dək Kiyevə qarşı hava hücumlarını dayandırmağa razılıq verib. Rəsmi Vaşinqton müharibənin başa çatdırılması üçün diplomatik həll yolları axtarışını davam etdirdiyi bir vaxtda, Ukrayna da buna cavab verməyə hazır olduğunu bəyan edib.

Bundan əlavə, Ukrayna prezidenti Volodimir Zelenskiy yanvarın  30-da verdiyi açıqlamada iki ölkə arasında rəsmi atəşkəsin mövcud olmadığını və Rusiyanın bilərəkdən Ukraynanın logistika infrastrukturuna qarşı hücumlar yönəltdiyini bildirib. Həmçinin qeyd olunur ki, Rusiya son günlər Ukraynanın avtomobil və dəmir yollarını bombalayıb.

Kremlinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin D.Trampın Kiyevin bombalanmasının dayandırılması ilə bağlı müraciətini sülh danışıqları üçün “əlverişli şərait” yaratmaq məqsədilə qəbul edib. Son həftələrdə Kiyevin enerji infrastrukturuna yönəlmiş Rusiya hücumları havanın bəzi günlərdə mənfi 15 dərəcədən aşağı düşdüyü dövrlərdə yüz minlərlə insanın günlərlə evlərini qızdıra bilməməsinə səbəb olub.

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, prezident D.Tramp danışıqlar üçün əlverişli mühit yaratmaq məqsədilə fevralın 1-dək bir həftə ərzində Kiyevə hücumlardan çəkinilməsi barədə bu tələbi prezident V.Putinə şəxsən çatdırıb və V.Putin bu müraciəti qəbul edib.

V.Zelenskiy Ukraynanın da cavab addımı atmağa hazır olduğunu, Rusiyanın neft emalı infrastrukturlarına qarşı hücumları dayandıra biləcəyini qeyd edib. “Telegram” hesabında paylaşım edən V.Zelenskiy gecə ərzində Ukraynada enerji obyektlərinə qarşı hücum qeydə alınmadığını bildirib.

Prezident V.Zelenskiy bu ay Kiyevin geniş ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb kimi Rusiyanın intensiv hava hücumlarını göstərib. Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifləməsini isə rəsmi Kiyevin avropalı müttəfiqlərinin ABŞ ilə həyata keçirilən PURL silah tədarük proqramı çərçivəsində ödənişləri gecikdirməsi olduğunu bildirib. O, bunun nəticəsində ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə raketlərinin vaxtında çatdırılmadığını qeyd edib.

V.Zelenskiy həmin dövrü xatırladaraq deyib: “Rusiya ballistik raketlərinin enerji infrastrukturumuza doğru irəlilədiyini bilirəm və onları dayandıracaq raket olmadığı üçün elektrik enerjisinin kəsiləcəyini də bilirəm.”

 

Qarşılıqlı hücumlar

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın son gecə hücumlarında bir ballistik raket və 111 pilotsuz uçuş aparatından (PUA) istifadə etdiyini açıqlayıb. Prezident V.Zelenskiy raketin ölkənin şimal-şərqində yerləşən Xarkov vilayətində ABŞ şirkətinə məxsus anbarlara ziyan vurduğunu bildirib, lakin şirkətin adını açıqlamayıb.

Ukrayna ordusu isə ölkənin cənub-şərqində yerləşən Zaporojye vilayətində bəzi Rusiya logistika obyektlərinə zərbələr endirdiyini bildirib.

Dövlət başçısı V.Zelenskiy qeyd edib ki, enerji obyektlərinə qarşı hava hücumlarının dayandırılması yolu ilə gərginliyin azaldılması təklifi ötən həftəsonu Abu-Dabidə keçirilən görüşlərdə ABŞ tərəfindən irəli sürülüb. O, həmçinin fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan növbəti danışıqlar mərhələsinin tarixinin və ya məkanının dəyişdirilə biləcəyini də istisna etməyib.

V.Zelenskiy adminstrasiyası tərəfindən yanvarın 30-da yayımlanan açıqlamada bildirib:
“ABŞ dövlət rəsmiləri bildiriblər ki, hər iki tərəf uzun mənzilli raketlərdən istifadə etməmək üçün müəyyən addımlar atmalıdır. Onların sözlərinə görə, bu yanaşma diplomatiya üçün zəmin yaradacaq və gərginliyin azaldılmasına xidmət edəcək.”

Qeyd edək ki, enerji sektorunda atəşkəsə yönəlmiş bu addımlar müharibənin qarşıdakı ay dördüncü ilinə qədəm qoyacağı kritik bir dövrdə atılır. Həmçinin Rusiya qüvvələri Ukraynanın şərqində yerləşən Donetsk vilayətində yavaş, lakin davamlı irəliləyişini sürdürür. Rusiya ordusu cəbhə xəttindən uzaqda yerləşən Ukraynanın şərq və cənub bölgələrindəki şəhər və qəsəbələrə demək olar ki, hər gün yüzlərlə pilotsuz uçuş aparatı ilə hücumlar təşkil etməyə davam edir.