İstanbulda Beynəlxalq Gənc İş Adamları Konqresi keçirildi

Hər iki ildən bir təşkil edilən UGİK-2026 tədbiri bu il “Future: Today” mövzusu ilə start götürüb

By
İstanbulda Beynəlxalq Gənc İş Adamları Konqresi keçirildi / AA

Fevralın 10-da İstanbul şəhərində Müstəqil Sənayəçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Gənclər Təşkilatı tərəfindən iki ildən bir təşkil edilən Beynəlxalq Gənc İş Adamları Konqresi (UGİK-2026) “Future: Today” mövzusu ilə start götürüb.

Tədbirin açılışında Prezident Adminstrasiyasının İnvestisiya və Maliyyə İşləri üzrə rəhbəri Burak Dağlıoğlu, MÜSİAD-ın baş direktoru Burhan Özdemir, Gənc MÜSİAD-ın sədri Mağsum Usta və UGİK İcraiyyə Komitəsinin sədri Ömer Faruk Çelik iştirak ediblər.

Burak Dağlıoğlu mərasimdə çıxışı zamanı qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərməyin, istiqamət müəyyənləşdirməyin və irəliləməyin hər kəsin bacara biləcəyi iş olmadığını vurğulayaraq deyib: “Burada liderlik göstərəcək fiqurlara ehtiyac var. Qeyri-müəyyənlikdə irəliləmək cəsarətinə kim malikdir? Təbii ki, ən başlıcası sahibkarlar. Sahibkarlıq dedikdə təkcə biznes fəaliyyəti nəzərdə tutulmamalıdır. Fikrimcə, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan siyasətdə və diplomatiyada ən böyük sahibkarlıq nümunəsidir.”

Burak Dağlıoğlu sahibkarların cəmiyyətdə geniş yayılmış profil olmadığını qeyd edərək, bu səbəbdən güclü sahibkarların ən dəyərli resurslardan biri olduğunu vurğulayıb.

O, bütün bu sahibkarlıq prosesində dövlətin imkanları və yürütdüyü siyasət ilə sahibkarların yanında olduğunu diqqətə çatdıraraq deyib: “Zalda beynəlxalq qonaqlarımız da var. 2025-ci ildə hələ başlanğıc mərhələsində olan texnologiya startaplarına təxminən 700 milyon dollar investisiya ayrılıb.”

MÜSİAD-ın baş direktoru B.Özdemir isə təchizat zəncirlərinin qırıldığını və güc balanslarının dəyişdiyini bildirib. B.Özdemir gənc iş adamlarının vəzifəsinin yalnız şirkət qurmaqdan ibarət olmadığını, eyni zamanda yeni ictimai modellər və yeni cəmiyyət anlayışı formalaşdırmaq olduğunu vurğulayıb.

Keçmişdə cəsarətin risk etmək demək olduğunu xatırladan B.Özdemir deyib: “Bu gün isə cəsarət etik prinsiplərə sadiq qalmaq, qısamüddətli qazanca yox deyə bilmək və daha ədalətli nizam üçün mövcud sistem daxilində dəyişikliklərə təkan verə bilməkdir.”

Gənc MÜSİAD-ın sədri Mağsum Usta iş dünyasında real fərqi yaradanların ən yaxşı dinləmə bacarığına malik şəxslər olduğunu bildirib.

M.Usta deyib: “Effektiv dinləyən şəxs müştərinin demədiyini anlayar, tərəfdaşının tərəddüdünü hiss edər, komandasının susduğu məqamda əsas problemi görər. Dinləmə intizamı liderlik bacarığıdır. Bacarıqlar istifadə olunmadıqca zəifləyir, istifadə edildikcə güclənir.”

Yeni nəslin son dərəcə istedadlı olduğunu qeyd edən Usta onların sürətli öyrəndiyini, cəsarətli və yüksək özünəinamlı olduqlarını, lakin iş praktik fəaliyyətə gələndə ən çox rast gəlinən çatışmazlığın səbirsizlik olduğunu ifadə edib.