Kolumbiya-Venesuela sərhədində təyyarə qəzası: 15 nəfər həlak olub
Kolumbiya mülki aviasiya idarəsinin məlumatına görə,"Satena" aviaşirkətinə məxsus "Beechcraft 1900" tipli ikimühərrikli təyyarə yanvarın 28-də qəzaya uğrayıb
Kolumbiya-Venesuela sərhədində baş verən təyyarə qəzası nəticəsində aralarında bir deputatın da olduğu 15 nəfər həlak olub. Ölkənin mülki aviasiya idarəsinin məlumatına görə,"Satena" aviaşirkətinə məxsus "Beechcraft 1900" tipli ikimühərrikli təyyarə yanvarın 28-də qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 13 sərnişin və 2 heyət üzvü olub.
Kukuta şəhərindən havaya qalxan təyyarə Okana şəhərinə eniş etməzdən idarəetmə qülləsi ilə əlaqəni itirib. Mülki aviasiya rəsmiləri qəzadan sağ çıxan olmadığını təsdiqləyiblər. Qəzanın baş verdiyi Kukuta bölgəsi mürəkkəb dağlıq relyefi və qəfil dəyişən hava şəraiti ilə tanınır. Həmin ərazinin bir hissəsinin Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) nəzarətində olduğu bildirilir.
Hakimiyyət orqanları qəza yerinin müəyyənləşdirilməsi və həlak olanların nəşlərinin təxliyəsi üçün hava qüvvələrinin əraziyə cəlb olunduğunu açıqlayıb. İlkin məlumatlara görə, həlak olanlar arasında bir deputatın da olduğu ehtimal edilir.