ABŞ İrana qarşı müharibənin ilk 4 günündə 2 milyard dollarlıq hərbi texnika itirib
"Anadolu" xəbər agentliyinin əldə etdiyi məlumata görə, ABŞ-nin İrana qarşı müharibənin ilk dörd günündə itirdiyi hərbi texnikanın dəyəri təxminən 2 milyard dollar təşkil edib
"Anadolu" agentliyinin əldə etdiyi məlumata görə, ABŞ-nin İrana qarşı müharibənin ilk dörd günündə itirdiyi hərbi texnikanın dəyəri təxminən 2 milyard dollar təşkil edib.
Hesabatlara görə, ən böyük xərc artıran ünsür Qətərdəki Əl-Udeid hava bazasında yerləşən və dəyəri 1,1 milyard dollar olan ABŞ istehsalı AN/FPS-132 erkən xəbərdarlıq radar sistemidir. Qətər tərəfi fevralın 28-də günü baş verən raket hücumu nəticəsində həmin radarın vurulduğunu və zədələndiyini rəsmən təsdiqləyib.
Martın 1-də Küveyt hava hücumundan müdafiə qüvvələri tərəfindən üç "F-15E Strike Eagle" qırıcısı vurulub. Təxminən 282 milyon dollar dəyərində olan bu təyyarələrin altı heyət üzvünün hamısı sağ qalsa da, texnika istifadəyə yararsız hala düşüb.
Eyni zamanda, İran Bəhreynin Manama şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına zərbə endirərək iki peyk rabitə terminalını və bir neçə böyük binanı məhv edib.
Açıq mənbəli kəşfiyyat məlumatlarına görə, hədəfə alınan AN/GSC-52B SATCOM terminallarının quraşdırma xərcləri ilə birlikdə təxminən 20 milyon dollar dəyərində olduğu təxmin edilir.
İran həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ruveys sənaye şəhərində yerləşdirilən THAAD ballistik raketdən müdafiə sisteminin AN/TPY-2 radar komponentini məhv etdiyini iddia edib. Açıq mənbəli peyk görüntüləri ilə də dəstəklənən bu itkinin dəyəri təxminən 500 milyon dollar hesablanır. Ümumilikdə, İranın bölgədəki ABŞ hərbi aktivlərinə vurduğu ziyanın 1,902 milyard dollar olduğu bildirilir.
ABŞ bazalarına yönəldilmiş hücumlar
Fevralın 28-dən bəri İran Yaxın Şərqdə ən azı yeddi ABŞ hərbi obyektini hədəfə alıb. Bunlara Bəhreyndəki Beşinci Donanma qərargahı, Küveytdəki Arifcan düşərgəsi, Əli Əl-Salem hava bazası və Buehring düşərgəsi, İraqda Ərbil bazası, BƏƏ-dəki Cəbəl Əli limanı və Qətərdəki Əl-Udeid hava bazası daxildir.
Küveytdəki görüntülərdə Əli Əl-Salem hava bazasının çökmüş dam örtükləri, Arifcan düşərgəsində isə altı ABŞ hərbçisinin ölümü qeydə alınıb.
"The New York Times" tərəfindən təsdiqlənmiş görüntülər İraqdakı hərbi obyektin dörd tikilisinin zədələndiyini, Cəbəl Əli limanındakı peyk görüntüləri isə ABŞ Hərbi Dəniz Qüvvələrinin istirahət zonasındakı binadan tüstü yüksəldiyini göstərib.
Hərbi bazalarla yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dəki ABŞ diplomatik nümayəndəlikləri də hücuma məruz qalıb. Ər-Riyaddakı ABŞ səfirliyi iki dronla vurulub və "The Washington Post"un məlumatına görə, ərazidəki MKİ (CIA) məntəqəsinə də zərbə endirilib.
Küveyt şəhərindəki səfirlik dron və raket hücumlarından sonra bağlanıb, vacib olmayan işçilər təxliyə edilib.
Dubaydakı ABŞ Baş Konsulluğuna isə pilotsuz təyyarə zərbəsi endirilib; konsulluğun dayanacağına dəyən zərbə nəticəsində əraziyə qismən ziyan dəysə də, ciddi struktur dağıntısı baş verməyib.