Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı 10 illik tranzit viza problemi həll olundu
Bu addım Yaxın Şərqdə davam edən münaqişələrin dəniz ticarətini pozduğu bir dövrdə Türkiyənin logistika körpüsü rolunu gücləndirir
Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat aprelin 10-da İstanbulda keçirilən “Süni İntellekt Dövründə Elektron Ticarət Zirvəsi”ndə iştirak edib. Tədbirində çıxış edən nazir bildirib ki, Türkiyə dövləti Səudiyyə Ərəbistanı üzərindən Körfəz regionuna yük daşıyan kommersiya yük avtomobili sürücüləri üçün tranzit viza təmin edib. Ö.Bolat bu inkişafı mühüm irəliləyiş kimi qiymətləndirərək qeyd edib ki, bununla da 10 il davam edən diplomatik və logistik maneələrdən sonra həyati əhəmiyyət daşıyan quru ticarət dəhlizi yenidən açılıb.
Nazir deyib: “Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yüksək səviyyədədir. Son on il ərzində tranzit viza problemi mövcud idi, lakin bu problem aprelin 9-u etibarilə həll olundu. Bununla da Türkiyədən olan yük avtomobili sürücüləri Səudiyyə tranzit vizası ilə Körfəz regionunda hərəkət edə biləcəklər.”
Qeyd edək ki, tərəflər arası viza probleminin həlli Yaxın Şərqdə davam edən hərbi münaqişələrin dəniz ticarətini iflic etdiyi bir dövrdə qlobal təchizat zəncirləri baxımından kritik vaxta təsadüf edib.
Ö.Bolat bildirib ki, mövcud şəraitdə Türkiyə üzərindən keçən quru logistika hər zamankindən daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ölkə Avrasiyaya uzanan təbii coğrafi körpü funksiyasını yerinə yetirir.
Ömər Bolat regionda 15 günlük atəşkəsin qorunacağını və davamlı sabitliyə çevriləcəyini ümid etdiklərini bildirərək qeyd edib ki, qlobal iqtisadiyyat yeni təchizat şoklarının və uzunmüddətli qiymət artımlarının qarşısını almaq üçün sülhə ehtiyac var.
Nazir əlavə edib ki, logistika gündəmində Səudiyyə tranzit razılaşması ilə yanaşı, Türkiyənin daxili elektron ticarət sektoru da ciddi inkişaf göstərib və ümumi ticarətdə payı cəmi 5 faizdən son göstəricilərə görə 20 faizə yüksəlib.
Rəqəmsallaşmadakı bu sürətli artım Qərb və Çin bazarları arasında sabit mərkəz axtaran beynəlxalq investorlar üçün Türkiyə şirkətlərini cəlbedici hədəfə çevirib. Ö.Bolat bildirib ki, son dövrdə Portuqaliya və Brüsseldə keçirilən yüksək səviyyəli görüşlər Türkiyə iqtisadiyyatına olan güclü və artan etimadı göstərir.
Nazir qeyd edib ki, Portuqaliya 70,2 milyard dollarlıq infrastruktur və dövlət mənzil layihələri üzrə tenderlərdə iştirak etmələri üçün Türkiyədən olan podratçıları fəal şəkildə təşviq edir.
Ticarət naziri Ömər Bolat həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi ilə əməkdaşlıq qurmağa getdikcə daha çox maraq göstərir.