Hakan Fidan:"ABŞ-nin İsrailin yürütdüyü siyasət üzərində təsiri düşünüldüyü qədər deyil''
Hakan Fidan ABŞ prezidenti Donald Trampla Qəzzada sülh və Suriyada sabitlik mövzusunda aparılan danışıqlara münasibət bildirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı son hadisələr, ABŞ-ın İsrailin siyasətlərinə əvvəllər düşünüldüyü qədər təsir göstərmədiyini və hətta əslində bunun əksinin mümkün olduğunu nümayiş etdirir.
ABŞ prezidenti Donald Trampla Qəzzada sülh və Suriyada sabitlik mövzusunda aparılan danışıqlara münasibət bildirən Hakan Fidan deyib:
"Amerika daxilində onilliklərdir davam edən siyasi bir reallıq var. Bu reallıqda kimin kimə nəzarət etdiyi və kimin kimi idarə etdiyi məsələsi aydındır. Son baş verən hadisələr göstərdi ki, ABŞ əslində İsrailin yürütdüyü siyasətə əvvəl zənn edildiyi qədər təsir göstərə bilmir’’.
Hakan Fidan bildirib ki, İsrail Fələstin torpaqlarını işğal etdikdən sonra bölgədə daimi sabitliyi pozan əsas problemə çevrilib. Türkiyənin XİN rəhbəri bölgədəki bütün ölkələrin 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.
MBC MASR TV-yə müsahibə verən Hakan Fidan deyib:
"İsrail heç vaxt iki dövlətli həll prosesinə səmimi şəkildə yanaşmayıb. Təhlükəsizlik bəhanəsi ilə 1967-ci il sərhədlərindən kənarda Fələstin ərazilərini işğal etmək siyasətini davam etdirib. Bu məsələ onilliklərdir İslam dünyasının qarşısında duran ən böyük problemlərdən biridir. Son illərdə Fələstində davam edən zülmlə yanaşı, İsrailin ekspansionist siyasəti region üçün ciddi təhlükəyə çevrilib."
Dohada keçirilən ərəb və İslam ölkələrinin fövqəladə sammitinin əhəmiyyətini qeyd edən Hakan Fidan görüşdə İsrailin ekspansionist siyasətinin geniş şəkildə müzakirə edildiyini vurğulayıb.
"Biz Qəzzada davam edən soyqırıma və İordan çayının qərb sahilinin ilhaq edilməsinə yönəlmiş cəhdlərə qarşı çıxmağa davam edəcəyik. Fələstin dövlətinin gerçəkləşməsi üçün səylərimizi davam etdirəcəyik. Bu, regional sülh üçün olduqca vacibdir’’,-deyə Hakan Fidan qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin ekspansionist siyasətinə qarşı region ölkələri və beynəlxalq ictimaiyyət münasibət bildirməli və konkret tədbirlər görməlidir. Nazir həmçinin qeyd edib ki, bu, son dərəcə vacibdir, çünki bu vəziyyət nə İsrailin, nə də region ölkələrinin xeyrinədir.
Hakan Fidan deyib:‘‘İsrail bölgədəki təhlükəsizliyini qonşu ölkələrin zəif dövlət institutlarından, iqtisadi problemlərindən və texnoloji çatışmazlıqlarından istifadə edərək formalaşdırır və bunu Livanın işğalı, Suriyadakı hərbi mövcudluğu, İrana qarşı hücumlar, Yəməndə mülki ərazilərin hədəf alınması, infrastrukturların ardıcıl şəkildə məhv edilməsi və Qətərə qarşı həyata keçirilən hücum kimi nümunələrlə göstərir."
Hakan Fidan bildirib ki, İsrailin Dohada Həmas rəsmilərinə qarşı həyata keçirdiyi son hücum, vasitəçilik səyləri ilə bağlı aparılan danışıqların gedişatını əsaslı şəkildə dəyişib.
"İsrailin Qəzzada törətdiyi soyqırım, Rusiya-Ukrayna müharibəsi və digər münaqişələr mövcud qlobal sistemin böhranlara cavab verməkdən daha çox onları alovlandırdığını göstərir. Bloklar, ittifaqlar və beynəlxalq qurumlar, xüsusilə Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal problemlərin həllində ümumiyyətlə qeyri-adekvatdır. BMT Təhlükəsizlik Şurasının mövcud strukturu bu problemləri həll etməkdən uzaq görünür və buna görə də BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır",-deyə Hakan Fidan vurğulayıb.
Fidan bildirib ki, daha əhatəli və ədalətli qərar qəbuletmə mexanizmi yaradılmalıdır, əks halda BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN kimi çoxsaylı regional aktorlar mövcud ittifaqlara meydan oxumaq üçün ortaya çıxacaq və şübhəsiz ki, fərqli yanaşmalar nümayiş etdirəcək.
İsrail 2023-cü ilin oktyabr ayından etibarən Qəzzada soyqırım həyata keçirir. Fələstin mənbələri indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 65.200-dən çox insanın həlak olduğunu bildirir. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına əsasən, təxminən 11.000 nəfərin dağılmış evlərin dağıntıları altında qaldığı ehtimal olunur. Ekspertlər hesab edirlər ki, real itki sayı Qəzza rəsmilərinin açıqladığı rəqəmlərdən xeyli çox ola bilər və ölənlərin ümumi sayı 200.000-ə yaxınlaşa bilər.