İran “Mossad” üçün casusluqda ittiham edilən şəxsi edam etdi

Son aylarda İran dövləti İsrailin xarici kəşfiyyat xidməti “Mossad” üçün casusluqda ittiham edilən bir neçə şəxsə edam hökmü verib

İran və İsrail illərdir bir-birini casusluq etmək üçün yerli əhalini cəlb ediblər. / AP

İsrailin kəşfiyyat qurumları ilə əməkdaşlıq edən iranlı podratçı Babək Şahbazi rəsmi mediayanın yaydığı məlumata görə “Mossad”a kritik məlumat satmaqda təqsirli bilinib.

Bu barədə dövlət xəbər agentliyi IRNA sentyabrın 18-də (bu gün) yaydığı açıqlamada bildirib: “Babək Şahbazi İsrail rejimi ilə casusluq və təhlükəsizlik əməkdaşlığı ittihamı ilə təqsirli bilindi. Onun “Mossad”la əlaqəli agentlərlə kəşfiyyat mübadiləsindəki rolu Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün edam edildi.”

Məlumata görə, telekommunikasiya, ordu və təhlükəsizlik qurumlarına bağlı şirkətlər üçün sənaye soyutma sistemlərinin layihələndirilməsi və quraşdırılması sahəsində fəaliyyət göstərən B.Şahbazi yüksək vəzifəli İran rəsmiləri ilə bağlı kritik məlumatları “Mossad” agenti İsmayıl Fikriyə satmaqda ittiham olunub.

Xatırladaq ki, İ.Fikri İsrail adına casusluq ittihamı ilə 2025-ci ilin iyun ayında edam edilmişdi.

 

Casusluq ittihamları səbəbilə edamlar

B.Şahbazinin İsrail agentləri ilə şifrəli onlayn görüşlər keçirdiyi, “Mossad”dan xüsusi təlim aldığı və yüksək vəzifəli rəsmilər, həmçinin strateji obyektlər barədə həssas məlumat toplamağa çalışdığı iddia edilir.

Qeyd edək ki, İsrail və İran arasında davam edən siyasi rəqabət fonunda, iki tərəf son illərdə bir-birinin casus şəbəkələrini çökərtdiklərini açıqlayıb.

Bununla yanaşı, İran və İsrail qarşılıqlı casusluq fəaliyyətləri üçün bir-birlərinin ölkələrində yerli əhalidən istifadə edirlər. Rəsmi məlumatlara görə, İsrail adına casusluq etməkdə ittiham olunan və edam edilən iranlıların sayı bu il xeyli artıb. Belə ki, son aylarda təxminən doqquz edam hökmü icra edilib.