BMT ABŞ-nin Venesuelaya müdaxiləsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib
BMT: "Vaşinqton hökumətinin Karakasdakı addımları Venesuelada mövcud böhranı daha da dərinləşdirə bilər"
BMT ABŞ-ın Venesuelaya yönəlmiş kəskin müdaxiləsi ilə bağlı dərin narahatlığını ifadə edərək, bu addımın beynəlxalq hüququn əsas prinsiplərindən birini açıq şəkildə pozduğunu bəyan edib.
Bu barədə BMT İnsan Hüquqları Şurasının sözçüsü Ravina Şamdasani yanvarın 6-da (bu gün) Cenevrədə jurnalistlərə açıqlamasında deyib: “Heç bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhdid etməməli, yaxud güc tətbiq etməməlidir”.
Bu açıqlama Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresin yanvarın 3-də səhər tezdən ABŞ xüsusi təyinatlıları tərəfindən, döyüş təyyarələrinin dəstəyi ilə həyata keçirilən hava zərbələri və genişmiqyaslı dəniz qüvvələrinin yerləşdirilməsi fonunda qaçırılmasından sonra səsləndirilib.
R.Şamdasani dövlət başçısı və yoldaşının həbsinin əsaslandırılması üçün irəli sürülən guya “Venesuela hökumətinin uzun müddətdir davam edən ağır insan hüquqları pozuntularına yol verdiyi” iddialarını rədd edib.
BMT sözçüsü vurğulayıb ki, insan hüquqları pozuntularına görə məsuliyyətin təmin olunması beynəlxalq hüququ pozan birtərəfli hərbi müdaxilə yolu ilə həyata keçirilə bilməz.
BMT İnsan Hüquqları Şurasının son on il ərzində Venesueladakı vəziyyətin ardıcıl şəkildə pisləşdiyini göstərən davamlı hesabatlar təqdim etdiyini xatırladan Ravina Şamdasani deyib: “ABŞ müdaxiləsinin yaratdığı hazırkı qeyri-sabitlik və ölkədə daha da artan hərbiləşmə vəziyyəti daha da ağırlaşdıracağından ciddi narahatlıq hissi keçiririk.”