Prezident R.T.Ərdoğan E.Makronla telefon danışığı aparıb
Telefon danışığı zamanı hər iki ölkə rəhbəri Cənubi Qafqaz, Qəzza bölgəsi və Suriyadakı son vəziyyətlə bağlı da müzakirə aparıblar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, ölkə başçıları Ukraynadakı müharibə, Qəzzadakı vəziyyət, Cənubi Qafqaz və Suriya ilə bağlı son hadisələrlə yanaşı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Prezident R.T.Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında əməkdaşlığın irəli aparılmasının “vacib” olduğunu vurğulayıb. O, münasibətlərdə konkret nəticə əldə etmək üçün hər iki tərəfin praktik addımlar atmasının zəruri olduğunu qeyd edib.
Ukraynada sülh çağırışı
Rusiya–Ukrayna müharibəsinə toxunan R.T.Ərdoğan bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün təmin olunması üçün maksimum səylə çalışır. O, İstanbul danışıqlar prosesinin yenidən işə salınması məqsədilə rəsmi Ankara tərəfindən həm Moskva hökuməti, həm də Kiyev rəhbərliyi ilə dialoqun davam etdirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı R.T.Ərdoğan qeyd edib ki, sülhün bərqərar olması istiqamətində “Türkiyə üzərinə düşən hər cür rolu yerinə yetirməyə hazırdır”. Onun sözlərinə görə, davamlı sülhə nail olmaq üçün diplomatik üsulların ən təsirli formada tətbiqi əsas şərtdir. O həmçinin qlobal sabitliyi təhlükə altına ala biləcək addımlardan çəkinməyin beynəlxalq səylərə müsbət təsir göstərdiyini vurğulayıb.