Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Nazir hərbi əməliyyatların rejim dəyişikliyi ilə nəticələnə biləcəyinə dair iddiaları rədd edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı hava hücumlarının hökumətin devrilməsinə səbəb olmayacağını bildirib. Nazir hərbi əməliyyatların rejim dəyişikliyi ilə nəticələnə biləcəyinə dair iddiaları rədd edib.
Fevralın 9-da CNN Türk-ə müsahibə verən Hakan Fidan İran hökumətinin hədəf alınacağı təqdirdə devrilib-devrilməyəcəyi ilə bağlı suala "Xeyr, devrilməz" cavabını verib.
Hakan Fidan bildirib ki, İrandakı konkret ssenarilərdən bəhs etmək istəmir, lakin rejim dəyişikliyi hava hücumları və ya başqa bir vasitə ilə baş verməyəcək.
Nazirin sözlərinə görə, hərbi əməliyyatlar dövləti zəiflədə bilər, lakin bu, rejim dəyişikliyinə gətirib çıxarmayacaq.
"Baş verə biləcək şey hökumətin və sistemin zəifləməsi, xalqa xidmət göstərmək iqtidarında olmamasıdır. Mövcud rejim daha sonra radikal qərarlar qəbul etməyi və bəlkə də düzəlişlər etməyi seçə bilər", - deyə Hakan Fidan vurğulayıb.
Bu açıqlamalar İran və ABŞ-ın təxminən səkkiz aylıq fasilədən sonra Omanda yenidən başlayan danışıqlara hazırlaşdığı bir vaxtda səslənib. Regional gərginliyin beynəlxalq gündəmin mərkəzində olduğunu vurğulayan xarici işlər naziri bölgənin yeni bir münaqişəyə tab gətirə bilməyəcəyi barədə xəbərdarlıq edib.
‘‘Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da bu məsələdə maksimum dərəcədə həssasdır. Buna görə də mümkün müharibənin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək istəyirik", — deyə nazir bildirib.
Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçinin ona danışıqlar barədə məlumat verdiyini, Ankaranın isə eyni zamanda ABŞ tərəfi ilə əlaqə saxladığını qeyd edib. Mövcud vəziyyəti tez bir zamanda həll etməyin çətin olduğunu bildirən nazir buna baxmayaraq, tərəflər arasında dialoqu davam etdirmək üçün açıq bir istəyin olduğunu vurğulayıb.
Hakan Fidan "yaradıcı həllər" çağırışlarının getdikcə daha çox diqqət çəkdiyini ifadə edərək deyib: ‘‘Hazırda ən azından müharibə təhlükəsi görünmür. Danışıqlar üçün fürsət yaranıb".