ABŞ və İsrailin İrana qarşı müharibəsində Türkiyənin sərgilədiyi düzgün mövqe
TÜRKİYƏ
4 dəqiqə oxuma
ABŞ və İsrailin İrana qarşı müharibəsində Türkiyənin sərgilədiyi düzgün mövqeRəsmi Ankara baş verən regional böhran mühitində yenidən vasitəçi rolunu üzərinə götürməyə hazırdır
ABŞ və İsrailin İrana qarşı müharibəsində Türkiyənin sərgilədiyi düzgün mövqe / AA

Yaxın Şərq bölgəsində əvvəlki münaqişələrdə olduğu kimi, İranda davam edən müharibə də Türkiyənin hərbi, diplomatik və iqtisadi sahələrdəki özünəməxsus mövqeyini yenidən gündəmə gətirib. Analitiklər bildirirlər ki, rəsmi Ankaranın bu sahələrdəki potensialı böhranın həllində mühüm rol oynamasına imkan verə bilər.

Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə təxminən 19 hərbi bazası var və onların böyük hissəsi Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi enerji ilə zəngin ölkələrdə yerləşir.

Regionda güclü Amerika hərbi mövcudluğu və inkişaf etmiş müdafiə sistemləri mövcud olsa da, bu ölkələrin hamısı, İordaniya və İraqla birlikdə, İranın ABŞ bazalarını hədəf alan raket hücumları ilə üzləşib.

İranın ballistik raketləri və pilotsuz uçuş aparatları (PUA) Körfəz şəhərlərini hədəf aldığı bir vaxtda, NATO üzvü olan və güclü orduya malik ərəb olmayan Yaxın Şərq ölkəsi kimi Türkiyə oxşar hücum dalğası ilə üzləşməyib. Türkiyəyə doğru buraxılan yeganə raket isə Türkiyə hava məkanına daxil olmadan əvvəl Aralıq dənizində NATO-nun müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Eyni zamanda Türkiyə böhranın genişlənməsinin qarşısını almağa çalışan tərəfsiz güc kimi mövqeyini daha da möhkəmləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun həyata keçirdiyi hücum nəticəsində İranın Ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Tehran rəhbərliyinə başsağlığı mesajı göndərdi. R.T.Ərdoğan eyni zamanda İranın Körfəz ölkələrinə qarşı hücumlarını qəbuledilməz adlandıraraq regionun böyük fəlakətə sürüklənə biləcəyi barədə xəbərdarlıq etdi.

Türkiyə dövləti müharibə tərəflərinə münaqişəni dərhal dayandırmaq çağırışı edib, ABŞ və İsrailin İrana qarşı hücumunu isə beynəlxalq hüququn “açıq pozuntusu” kimi qiymətləndirib.

Ukrayna müharibəsində də tərəfsiz siyasət yürüdərək diplomatik təşəbbüslər irəli sürən Ankara hökuməti ABŞ ilə İran arasında baş verən toqquşmaların dayandırılması üçün vasitəçilik təklif edib.

 

Sağlam düşüncənin səsi

Ankara mərkəzli İran Araşdırmaları Mərkəzinin tədqiqatçısı Oral Toğa bildirib ki, Türkiyə müharibənin dayandırılması üçün bütün səyləri göstərib və bundan sonra da göstərməyə davam edəcək.

O.Toğa “TRT World” kanalına verdiyi açıqlamada deyib: “Türkiyə müharibənin sona çatması üçün bütün səyləri göstərib və göstərməyə davam edəcək. Bu mərhələdə ilk hədəf atəşkəsdir. Şərtlər necə olursa-olsun, Türkiyə hər zaman sabitliyi dəstəkləyən strategiya yürüdəcək.”

O.Toğa açıqlamasında Ankara rəhbərliyinin Şərqi Afrikadan Ukrayna müharibəsinə qədər bir çox böhran vəziyyətində vasitəçilik təcrübəsinə malik olduğunu bildirib. Lakin Yaxın Şərqə yayılan və üç fərqli gücün iştirak etdiyi hazırkı müharibənin miqyası tərəflərin danışıqlara hazır olmasını tələb edir.

Türkiyə NATO üzvü olsa da, Ukrayna müharibəsində tərəfsiz mövqe tutmuş və Moskva hakimiyyəti ilə münasibətlərini davam etdirməyə çalışmışdır. Mütəxəssislərin fikrincə, İsrailin İrana qarşı hərbi hücuma başlanmasından sonra da rəsmi Ankara oxşar şəkildə tərəfsiz yanaşma sərgiləməyə davam etdi.

Milli Müdafiə Universitetinin akademiki Özgür Körpenin sözlərinə görə, Türkiyə İrana qarşı mövqe tutmaq istəmir.

“Türkiyə güclü tarixi və mədəni bağlara malik olduğu bir ölkənin yaşadığı bədbəxtliyin məsul tərəflərindən biri olmaq istəmir”, – deyə Ö.Körpe “TRT World”ə açıqlamasında bildirib.

Ö.Körpe qeyd edib ki, Türkiyənin mövqeyi İranın rəsmi Ankaraya qarşı davranışlarından asılı olaraq formalaşacaq.

Türkiyənin rəsmi açıqlamalarının da bu istiqamətdə olduğunu bildirən Ö.Körpe əlavə edib ki, Ankara rəhbərliyi bu səbəbdən tərəfsizliyi strateji yanaşma kimi qəbul edir və onu davam etdirmək niyyətindədir.

Akademik əlavə edib ki, Türkiyə dövləti Ukrayna müharibəsində olduğu kimi beynəlxalq böhranlarda passiv deyil, “aktiv tərəfsizlik” yanaşmasını mənimsəməkdədir.

Ö.Körpenin sözlərinə görə, Türkiyə ancaq öz ərazisi hədəf alındığı halda müharibəyə qoşula bilər. Lakin o bildirib ki, hazırkı mərhələdə bu, münaqişə tərəflərindən heç birinin riskə atmaq istəməyəcəyi bir addımdır.

 

Böhran dövrlərində təhlükəsiz liman

Mütəxəssislərin fikrincə, Türkiyənin müharibəyə qarşı mövqeyi və vasitəçilik səyləri ABŞ-nin İraqı işğalından Suriyadakı vətəndaş müharibəsinə qədər bir çox böhran dövründə olduğu kimi rəsmi Ankaranın regional təhlükəsiz liman olmaq potensialını ortaya qoyur.

Türkiyə ilə İran arasında Suriyanın Əsəd dövründən sonrakı gələcəyi və Livandakı Hizbullahın rolu kimi məsələlərdə siyasi fikir ayrılıqları mövcuddur. Bununla belə, rəsmi Ankara ilə Tehran rəhbərliyi arasındakı tarixi əlaqələr Prezident R.T.Ərdoğanın İran hakimiyyəti ilə daha təsirli ünsiyyət qurmasına imkan yaradır.

Keçmişdə Türkiyənin Tehrandakı hərbi attaşesi olmuş sabiq Türkiyə ordusu zabiti Ömər Özgül də bu fikri bölüşür.

Ö.Özgül “TRT World” telekanalına verdiyi açıqlamasında deyib: “İranın Türkiyəyə qarşı düşmən mövqe tutması üçün heç bir səbəb yoxdur. Belə bir addım xüsusilə müharibə strategiyası baxımından İran üçün ciddi səhv olardı.”

O.Toğa da oxşar şəkildə Türkiyənin münaqişədən uzaq təhlükəsiz liman olaraq qalmağa davam edəcəyini bildirib.

Bu yanaşmanın enerji ixracından, ərzaq idxalından və turizm gəlirlərindən böyük ölçüdə asılı olan Körfəz ölkələri üçün də keçərli olduğu qeyd edilir.

Körfəz ölkələri davam edən müharibə səbəbindən ciddi dilemmanın qarşısında qalıb. İranın Hörmüz boğazını faktiki olaraq bağlaması enerji daşımalarına ciddi təsir göstərib.

Ö.Özgülün sözlərinə görə, Türkiyənin regional böhranlara münasibətdə nümayiş etdirdiyi ədalətli yanaşma həm İran, həm də Körfəz ölkələri tərəfindən nəzərə alınacaq.

Ö.Özgül “TRT World”ə açıqlamasında bildirib: “Türkiyə həm Körfəz ölkələri, həm də İran üçün təhlükəsiz liman olmağa davam edəcək.”

MƏNBƏ:TRT
Araşdırma
Ərdoğanla Tramp arasında telefon danışığı olub
H.Fidan ABŞ–İran danışıqlarını iranlı və pakistanlı həmkarları ilə müzakirə edib
Prezident R.T.Ərdoğan Çanaqqala döyüşlərinin 111-ci ildönümü münasibəti ilə paylaşım edib
Prezident R.T.Ərdoğan: “Türkiyə təhlükəsizlik böhranlarını uğurla idarə edir”
H.Fidan Aİ Komissiyası sədrinin Türkiyə ilə bağlı açıqlamalarını qınadı
7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsinə İstanbul boğazından start verilib
Rəcəb Tayyib Ərdoğan və Frank-Volter Ştaynmayer arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan Mark Rutte ilə görüşüb
Əbdülkadir Uraloğlu yanacaq qiymətlərindəki artımla bağlı açıqlama verib
NATO-nun Baş Katibi Türkiyənin müdafiə sənayesində həyata keçirdiyi inqilabını tərifləyib
Xarici işlər naziri Hakan Fidan aprelin 23-də İngiltərəyə iki günlük rəsmi səfər edəcək
ŞKTR-nin Prezidenti xarici siyasətdə Türkiyə ilə koordinasiya şəraitində olduqlarını bildirib
Türkiyənin birinci xanımı Antalya Diplomatiya Forumunda Fələstinə həsr olunmuş paneldə iştirak edib
B.Duran və H.Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
H.Fidan: “İsrail təhlükəsizlik məsləsini bəhanə kimi istifadə edir”
Prezident R.T.Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İ.Əliyevlə görüşüb
Türkiyə XİN rəhbəri H.Fidan Yaxın Şərqdə davamlı sülhə çağırış etdi
Türkiyə və Somali Prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
Antalya Diplomatiya Forumu aprelin 17-də öz işinə başlayıb
R.T.Ərdoğan: "Regional aktyorlar sülh və təhlükəsizliyin açarıdır"