D.Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb

ABŞ prezidenti qəzetin Demokratların “sözcüsü”nə çevrildiyini bildirib və onu illərlə davam edən yalan kampaniyasında ittiham edib

"The New York Times" / AP

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini Demokrat Partiyanın “sözcüsü” olmaqda ittiham edib və ona qarşı 15 milyard dollarlıq böhtan və qaralama iddiası ilə məhkəməyə müraciət edib.

Bu barədə o, sentyabrın 15-də “Truth Social” platformasında paylaşım edərək deyib: “Bu gün ölkəmizin tarixindəki ən pis və ən korrupsiyalaşmış qəzetlərdən biri olan “The New York Times”a qarşı 15 milyard dollarlıq böhtan və qaralama iddiası ilə məhkəməyə müraciət etməyin şərəfini yaşayıram.”

D.Tramp bu qəzetin Demokrat Partiyanın “sözcüsünə” çevrildiyini iddia edərək, bunun indiyə qədərki ən böyük qanunsuz fəaliyyət olduğunu vurğulayıb. O, qəzetin vitse-prezident Kamala Harrisə dəstəyini misal çəkərək, bunu tayı-bərabəri olmayan bir hadisə adlandırıb.

Prezident D.Tramp həmçinin “The New York Times”ı özü və müttəfiqləri haqqında on illərdir davam edən yalan uydurma metodundan istifadə etməkdə günahlandırıb.

“Qəzetin mənə qarşı sərbəst şəkildə yalan söyləyib, qaralama aparıb, böhtan atmaq hüququ sona çatır”, – deyə D.Tramp qeyd edib.