Venesuela ABŞ döyüş təyyarələrinin ölkə sahillərinə yaxınlaşmasını ''təxribat'' adlandırıb

Venesuela müdafiə naziri Vladimir Padrino ABŞ-ın beş döyüş təyyarəsinin ölkə sahilləri yaxınlığında aşkarlandığını elan edib

Venesuela ABŞ döyüş təyyarələrinin ölkə sahillərinə yaxınlaşmasını ''təxribat'' adlandırıb / AP

Venesuela müdafiə naziri Vladimir Padrino ABŞ-ın beş döyüş təyyarəsinin ölkə sahilləri yaxınlığında aşkarlandığını elan edib. O, ABŞ-ı hərbi təqib uçuşları həyata keçirməkdə ittiham edib.

Vladimir Padrino deyib:"Bunlar döyüş təyyarələridir. İmperializm Venesuela sahillərinə yaxınlaşmağa cəsarət edib’’.

Nazir V. Padrino bu uçuşları “təxribat” və “ölkənin təhlükəsizliyinə təhdid” adlandırıb.

‘‘ABŞ-ın hər hansı bir hücumu “milli səfərbərliyə” səbəb olacaq’’ deyə xəbərdarlıq edən Vladimir Padrino bildirib ki, “ABŞ hökumətinin Venesuela xalqına qarşı hərbi təqib uçuşunu və hərbi təhdidini dünya qarşısında qınayıram.

Son həftələrdə rəsmi Karakas və Vaşinqton arasında gərginlik artıb.

ABŞ son bir ayda Puerto-Rikoya 10 ədəd “F-35” döyüş təyyarəsi göndərib.

Venesuela prezidenti Nikolas Maduro bu addımı “mühasirə” və “təhdid” kimi qiymətləndirib.

Mübahisə Vaşinqtonun Venesuela yaxınlığındakı beynəlxalq sularda narkotik qaçaqmalçılarına aid qayıqlara müdaxilə etdiyini təsdiqləməsindən sonra yaranıb.

Üç hücumda ən azı 14 nəfər həlak olub.

Pentaqonun Konqresə göndərdiyi, lakin AFP-nin əldə etdiyi bildirişdə ABŞ prezidenti Donald Trampın narkotik kartellərini “qeyri-dövlət silahlı qruplar” adlandırdığı və onların hərəkətlərini “ABŞ-a qarşı silahlı hücum” hesab etdiyi vurğulanıb.

Bildirişdə qeyd olunub ki, qaçaqmalçılar “qanunsuz döyüşçülər” hesab olunur.

Ağ Ev rəsmisi bildirib ki, belə bir bildiriş istənilən hərbi əməliyyatdan sonra hazırlanır və sənəddə yeni məlumat yoxdur.

Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonu narkotik ticarətini ölkədə rejim dəyişdirmək üçün saxta bəhanə kimi istifadə etməkdə və böyük neft ehtiyatlarını ələ keçirmək məqsədi güdməkdə ittiham edib.

Ötən ay Tramp bildirmişdi ki, əgər Venesuelaya aid təyyarələr ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə yenidən yaxınlaşarsa, həmin təyyarələr vurulacaq.