Prezident R.T.Ərdoğan ərəb və İslam ölkələrinin fövqəladə sammiti üçün Qətərə səfər edib
Dohada təşkil olunan ərəb və İslam ölkələrinin fövqəladə sammiti İsrailin hücumları və Qəzzadakı soyqırımla bağlıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də (bu gün) Qətərə səfər edib. Səfər çərçivəsində R.T.Ərdoğan İsrailin Dohaya hücumundan sonra təşkil olunan ərəb və İslam ölkələrinin fövqəladə sammitində iştirak edir.
Prezident R.T.Ərdoğana səfərində həyat yoldaşı Əminə Ərdoğan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran və Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Halit Yerebakan müşayiət edir.
Qeyd edək ki, Dohada keçirilən Ərəb-İslam zirvəsi region ölkələrinin dövlət başçılarını və yüksək vəzifəli nümayəndələrini bir araya gətirir. Zirvənin çağırılması Qətərin təşəbbüsü ilə baş tutub və məqsəd ötən həftə “Həmas”ın heyətinə qarşı həyata keçirilən, nəticədə altı nəfərin ölümü ilə nəticələnən İsrail hücumuna cavab verməkdir.
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman əl-Sani sentyabrın 14-də zirvə öncəsi keçirilən görüşdə çıxışı zamanı deyib: “Beynəlxalq ictimaiyyət artıq ikili standartlara son qoymalı və İsraili törətdiyi bütün cinayətlərə görə cəzalandırmalıdır. Bu rejim Qətər, Livan, İraq, İran və Yəmən daxil olmaqla bir çox İslam ölkəsinə hücum edib. İstədiyini edir və təəssüf ki, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri də bu hərəkətləri dəstəkləyir.”
Xatırladaq ki, Qətər dövləti ABŞ və Misirlə birlikdə, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada törətdiyi və təxminən 65 min fələstinlinin ölümünə səbəb olan soyqırımı dayandırmaq üçün aparılan danışıqlarda vasitəçilik rolunu üzərinə götürüb.