Prezident R.T.Ərdoğan İran və Livanda məktəb və xəstəxanaların hədəf alınmasını pisləyib
Ölkə başçısı mülki infrastruktura yönələn hücumların Qəzzada müşahidə olunan dağıntıları xatırlatdığını bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən iftar proqramında çıxışı zamanı İran və Livanda məktəb və xəstəxanaların hədəf alındığını bildirərək bunu “qana susamış bir şəbəkənin hücumları” kimi qiymətləndirib.
Prezident R.T.Ərdoğan bölgədə zorakılığın artdığı bir vaxtda mülki infrastrukturun hədəf alınmasının davam etdiyini bildirib. Ölkə başçısı R.T.Ərdoğan törədilən bu hücumların Qəzzada müşahidə olunan dağıntıları xatırlatdığını söyləyib.
Dövlət rəhbəri R.T.Ərdoğan deyib: “Qəzzada olduğu kimi, İran və Livanda da məktəb və xəstəxanaları vuran qana susamış bir şəbəkə, hücumlarını davam etdirir. Türkiyə hazırkı bu məntiqsiz gərginlik şəraitində böhranların həlli üçün ağlı, dialoqu və diplomatiyanı müdafiə edən aparıcı ölkələr arasında yer alır.”
Xatırladaq ki, Yaxın Şərqdə böhran İsrail və ABŞ-nin 28 fevral tarixində İrana qarşı birgə hücumlara başlamasından sonra daha da şiddətlənib. Həmin hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla 150-dən çox qız şagirdinin olduğu ümumilikdə 1.200-dən artıq insanın həyatını itirdiyi, 10 mindən çox şəxsin yaralandığı bildirilib.
Buna cavab olaraq İran dövləti İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi bəzi Körfəz ölkələrini hədəf alan PUA və raket hücumları həyata keçirib. Bildirilir ki, toqquşmaların başlanmasından bu yana səkkiz ABŞ hərbçisi həyatını itirib.