İsrail ‘‘Hizbullah’’ın Livanın cənubundakı obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Ordunun "Telegram" kanalında verilən bəyanatda bildirilir ki, bu addım Hizbullahın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq atılıb
İsrail ordusu ‘‘Hizbullah’’ın Livanın cənubundakı obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Ordunun "Telegram" kanalında verilən bəyanatda bildirilir ki, bu addım ‘‘Hizbullah’’ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq atılıb.
Qeyd edək ki, İsrail və İranın dəstəklədiyi ‘‘Hizbullah’’ qruplaşması bir illik müharibədən sonra, 2024-cü ilin noyabrında atəşkəs barədə razılığa gəlmişdilər. Lakin İsrail tərəfi Hizbullahın yenidən silahlanmasının qarşısını almaq məqsədilə atəşkəs şərtlərini icra etdiyini iddia edərək, bölgəyə müntəzəm hücumlarını davam etdirib. ‘‘Hizbullah’’ və Livan hökuməti isə bu hücumları razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirərək kəskin reaksiya veriblər.
Hücumlar ABŞ ilə İran arasında Cenevrədə keçirilən nüvə danışıqlarından sonraya təsadüf edir. ABŞ Prezidenti Donald Tramp Tehrana nüvə proqramı ilə bağlı güzəştə getməsi üçün təzyiqləri artırıb. Bu məqsədlə Tramp son onilliklərin ən böyük hərbi qüvvəsinin Yaxın Şərqə gönderilməsi barədə göstəriş verib. Artıq dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"un İsrail sahillərinə doğru hərəkət etdiyi bildirilir.