Hörmüz boğazından təxminən 90 gəmi keçib
Hörmüz boğazında hərəkətin böyük hissəsinin dayandırılmasına baxmayaraq, İran müharibənin başlanmasından bəri 16 milyon bareldən çox neft ixrac edilib
Mart ayının əvvəlindən bəri kritik əhəmiyyətə malik Hörmüz boğazında hərəkətin böyük hissəsinin dayandırılmasına baxmayaraq, İran müharibənin başlanmasından bəri 16 milyon bareldən çox neft ixrac edib.
Gəmiçilik və ticarət məlumat platformalarına görə, İrana qarşı müharibənin başlanmasından bəri neft tankerləri də daxil olmaqla təxminən 90 gəmi Hörmüz boğazından keçib. İran bu kritik su yolu faktiki olaraq qapalı olduğu halda belə, milyonlarla barel neft ixrac etməyə davam edir.
Dənizçilik məlumat firması "Lloyd's List Intelligence"in bildirdiyinə görə, boğazdan keçən gəmilərin çoxu Qərb hökumətlərinin sanksiyalarından və yoxlamalarından yayınan və çox güman ki, İranla əlaqəli olan "gizli" keçidlərə işarə edir. Son vaxtlar hökumətlər danışıqları sürətləndirdikcə, Hindistan və Pakistanla əlaqəli gəmilər də boğazdan uğurla keçib.
Xam neftin qiyməti barel başına 100 dolları keçdikdə, ABŞ prezidenti Donald Tramp neft qiymətlərini aşağı salmaq ümidi ilə müttəfiqlərinə və ticarət tərəfdaşlarına hərbi gəmilər göndərmələri və boğazı yenidən açmaları üçün təzyiq göstərib.
Dünya xam neftinin təxminən beşdə birini təmin edən və qlobal neft-qaz daşınmasının mühüm marşrutu olan Hörmüz boğazından keçən gəmi hərəkəti martın əvvəlindən, yəni müharibə başlayandan bəri kəsilib. Bölgədə təxminən 20 gəmiyə hücum təşkil edilib.
Lakin ticarət məlumatları və analiz platforması "Kpler"in təxminlərinə görə, İran mart ayının əvvəlindən bəri 16 milyon bareldən çox neft ixrac etməyə nail olub. Qərb sanksiyaları və müvafiq risklər səbəbindən Çin bu dövrdə İran neftinin ən böyük alıcısı olub.
"Kpler"in ticarət riski analitiki Ana Subasiç İranın neft ixracı həcmində "daimi bir müqavimət" olduğunu bildirib.
"Reddal" konsaltinq firmasının müştəri direktoru Kun Kao qeyd edib ki, İran neft satışından mənfəət əldə etməyi və eyni zamanda boğaz üzərindəki nəzarətdən istifadə edərək "öz ixrac xəttini qorumağı" bacarıb.
İranın neft ixracı məlumatları böyük miqyasda dəniz hərəkəti məlumatları ilə üst-üstə düşür.
"Lloyd's List Intelligence"ə görə, 1-15 mart tarixləri arasında ən azı 89 gəmi Hörmüz boğazından keçib ki, bunların arasında 16 neft tankeri də var. Bu rəqəm müharibədən əvvəlki gündəlik 100-135 gəmi keçidi ilə müqayisədə azalmanı göstərir. 89 gəminin beşdə birindən çoxunun İranla, qalanlarının isə Çin və Yunanıstanla əlaqəli olduğu bildirilib.
Digər gəmilər də boğazdan keçib. Pakistan Milli Gəmiçilik Şirkəti tərəfindən idarə olunan Pakistan bayraqlı "Karachi" xam neft tankeri bazar günü boğazdan keçib.
Pakistan Liman İdarəsinin sözçüsü Şariq Amin gəminin hansı marşrutdan istifadə etdiyini açıqlamayıb, lakin gəminin yaxın zamanda təhlükəsiz şəkildə Pakistana çatacağını deyib.
“Lloyd’s List Intelligence’a göre, dövlət şirkəti "Shipping Corp. of India"ya məxsus olan Hindistan bayraqlı mayeləşdirilmiş neft qazı (LPG) daşıyıcıları "Shivalik" və "Nanda Devi" də 13 və ya 14 mart tarixlərində boğazdan keçib.
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar "Financial Times"a bildirib ki, hər iki gəmi İranla aparılan danışıqlardan sonra keçid edə bilib. İraqın dövlət xəbər agentliyi isə İraqın da öz dövlət tankerlərinin keçidinə icazə verilməsi üçün İranla danışıqlar apardığını xəbər verib.
"Lloyd’s List"in baş redaktoru Riçard Mid qeyd edib ki, gəmilər "ən azı müəyyən dərəcədə diplomatik müdaxilə ilə" keçid edə bilirlər. Bu səbəbdən İran bəzi gəmilərin sahillərinə yaxın keçməsinə şərait yaradaraq "effektiv bir təhlükəsiz koridor" yaratmış ola bilər.
"MarineTraffic" platformasının analizlərinə görə, bəzi gəmilər hücum riskini azaltmaq üçün özlərini Çinlə əlaqəli və ya tamamilə çinli heyətə malik gəmi kimi təqdim edirlər. Analitiklər hesab edirlər ki, bu gəmilər Çinin İranla olan yaxın münasibətlərindən faydalanır.
İran müharibəsi başlayandan bəri neft qiymətləri 40%-dən çox artaraq barel başına 100 dolları ötüb. İran ABŞ, İsrail və müttəfiqlərinə gedəcək "bir litr neftin belə" keçməsinə icazə verməyəcəyini bəyan edib.
ABŞ neft qiymətlərini sabitləşdirmək üçün İran neft tankerlərinin boğazdan keçməsinə icazə verdiyini bildirib. Xəzinə naziri Skott Bessent martın 16-da CNBC-yə müsahibəsində "İran gəmiləri artıq çıxmağa başlayıb və dünyanın qalan hissəsini təmin etmək üçün buna icazə verdik" deyib.
ABŞ İranın neft şəbəkəsi üçün həyati əhəmiyyət kəsb edən Harg adasındakı hərbi obyektləri bombalasa da, Donald Tramp hələlik neft infrastrukturuna toxunmadığını bildirib.
Kun Kao Hörmüz boğazındakı son keçidlərin boğazın tamamilə "qapalı" olmadığını göstərdiyini deyib: "Boğaz bəzi keçidlərə qarşı seçici şəkildə bağlanmış, lakin İranın ixracına və məhdud sayda xarici keçidə icazə verilmiş bir sistem kimi başa düşülməlidir".
Buna baxmayaraq, Hollandiya bankı "ING"-nin strateqləri Varren Patterson və Eva Manthey qeyd ediblər ki, əgər İranın planı "yüksək enerji qiymətləri vasitəsilə əziyyət vermək" olsa, boğazdan keçidinə icazə verilən tankerlərin sayı kəskin şəkildə məhdudlaşdırıla bilər.