Məcid əl-Ənsari:''Tərəflərin tezliklə sülh danışıqlarının ikinci mərhələsinə keçməsi vacibdir''
Qətər oktyabr ayında imzalanan atəşkəs razılaşmasından sonra İsrail və “Həmas”ın Fələstin ərazilərində sülh razılaşmasının növbəti mərhələsinə keçə biləcəyinə ümid etdiyini bildirib
Qətər oktyabr ayında imzalanan atəşkəs razılaşmasından sonra İsrail və “Həmas”ın Fələstin ərazilərində sülh razılaşmasının növbəti mərhələsinə keçə biləcəyinə ümid etdiyini bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib:
“Biz tərəflərin yaxın zamanda ikinci mərhələyə keçməsinin vacib olduğuna inanırıq. Əlbəttə buraya ‘‘Sarı xətt’’in arxasındakı tunellərdəki döyüşçülər və bir neçə gündən bir baş verən hadisələr kimi vəziyyəti çətinləşdirən amillər daxildir.”
“Sarı xətt” İsrail qoşunlarının Qəzzanın içərisindən geri çəkildiyi nöqtəni göstərir. Onlarla “Həmas” döyüşçüsü xəttin kənarındakı tunellərdə mühasirədə qalır və İsrail onları hədəf aldığını iddia edir.
Qətər ABŞ, Türkiyə və Misirlə birlikdə Qəzzada atəşkəsin təmin olunmasına çalışıb. Oktyabrın 10-da qüvvəyə minən atəşkəs rəsmi Təl-Əvivin Fələstin ərazisində apardığı müharibəni əsasən dayandırıb.
ABŞ prezidenti Donald Tramp tərəfindən ilk dəfə elan edilən sülh planının birinci mərhələsində Fələstin müqavimət hərəkatı “Həmas”dan 48 israilli girovun hamısını geri qaytarması tələb olunurdu. Razılaşmaya əsasən, İsrail bu girovlar müqabilində 2.000 fələstinli məhbusu azad etməli idi. Bir çoxu geri qayıtsa da, İsrail həbsxanalarında hələ də 10.000-dən çox fələstinli məhbus qalır.
BMT-nin də dəstəklədiyi sazişin ikinci mərhələsinə əsasən, İsrail bölgədəki mövqelərindən çəkiləcək, keçid hakimiyyəti Qəzzanı idarə edəcək və bölgəyə beynəlxalq sabitləşdirmə qüvvələri yerləşdiriləcək.